Newscenter.az.27.04.2021. Artıq iki gündür ki, müzakirə olunan ABŞ Prezidenti tərəfindən soyqırımı ifadəsinin işlədilməsi ilə bağlı müxtəlif fikirlər irəli sürülməkdədir. Həm ölkəmizdə, həm Türkiyədə və həm də bütün dünya üzrə bu məsələyə münasibət bildirən ekspertlərin mütləq əksəriyyəti Baydenin bu addımını Türkiyəyə qarşı qisasçılıq siyasətinin təzahürü hesab edir. Elə real həqiqət də bunu diktə etməkdədir. Bəs bu soyqırımı ideyasının əsl tarixçəsi hardan qaynaqlanır? Təbii ki, bu iddianın tarixçəsi özündə çox maraqlı məqamları ehtiva edir. Onun tarixinə nəzər yetirdikdə bu gün dünyada hegemonluq edən ABŞ-ın yürütdüyü siyasətin əsl mahiyyətini açıq şəkildə anlamaq mümkündür.
SSRİ ilə ABŞ arasında qırx ildən artıq davam edən "soyuq müharibə" dönəmində "Karib böhranı" adlı ciddi bir münaqişə baş verdi. Belə ki, 1962-ci ildə ABŞ-ın hazırda uydurma soyqırımında ittiham etdiyi müttəfiqi olan Türkiyə ilə yanaşı İtaliya ərazisində ballistik raketlər yerləşdirməsi SSRİ rəhbərliyini çox hiddətləndirdi. Buna cavab olaraq SSRİ ABŞ-ın ürək nahiyəsinə yaxın olan Kubada özünün nüvə başlıqlı raketlərini yerləşdirdi. Bu hadisə iki fövqəlgüc arasında soyuq mühabənin bütün yer kürəsinu külə çevirə biləcək dərəcədə istiliyə malik müharibəyə çevirilməsi təhlükəsi ilə üz-üzə qoydu.
ABŞ Prezidenti Con Kennedi ilə SSRİ rəhbəri Nikita Xruşşov arasında uzun sürən danışıqlar tarıma çəkilən əsəblərin sakitləşməsinə gətirib çıxara bildi. Qarşılıqlı razılıq əsasında hər iki tərəf raketlərini götürməyə razılaşdılar və SSRİ Kubadan raketlərini və hərbi gəmilərini geri çəksə də, ABŞ onu aldatdı və İtaliya ilə yanaşı Türkiyədən də raketlərini götürmədi.
Aldadıldığını və artıq gec olduğunu başa düşən və ən çox ABŞ-la nüvə müharibəsi etməkdən çəkinən SSRİ rəhbərliyi bunun cavabı olaraq Türkiyəni iyirminci yüzilliyin əvvəlində ermənilərə qarşı soyqırımı etməkdə ittiham etməyə başladı. Bu istiqamətdə genişmiqyaslı propaqanda işi həyata keçirildi və İrəvanda soyqırımı abidəsi belə inşa edildi. Yəni, ermənilərin öz ağıllarına gəlməyən bu soyqırımı iddiasını SSRİ 1962-ci il Karib böhranında ABŞ-a məğlub olduqdan sonra onun müttəfiqi olan Türkiyəyə qarşı irəli sürdü. Həmin dönəmdə bu iddianın tam əsassız, uydurma və saxta olduğunu bəyan edən ilk ölkə elə ABŞ-ın özü idi. Çünki, həmin mərhələdə Türkiyə SSRİ-yə qarşı ona hava və su kimi lazım idi.
Ancaq zaman keçdi, dövr dəyişdi və SSRİ bir dövlət kimi çox zəiflədi və tarixin səhnəsindən silindi (bu prosesdə Türkiyə də önəmli və əvəzolunmaz tarixi rol oynayıb). Bundan sonra düşməni tərəfindən özünün müttəfiqinə qarşı irəli sürülmüş əsassız ittihamdan ABŞ özü özünün yeni maraqlarına uyğun istifadə etməyə tələsdi. Və onu da qeyd etmək vacibdir ki, bu ifadə ABŞ-ın Prezidenti tərəfindən ilk dəfə səsləndirilmir. İlk dəfə 1981-ci ildə soyqırımı ifadəsi ABŞ-ın o zamankı Prezidenti Ronald Reyqan tərəfindən dilə gətirilib. Çünki artıq yeni dünya düzəni formalaşıb və hədəflər dəyişib.
ABŞ zamanında SSRİ-ni məhv etmək üçün ona qarşı bütün cəbhələrdə istifadə etdiyi Çinin özünü hədəf seçib. Özünə yeganə alternativ və rəqib hesab etdiyi "yatmış nəhəng"ə qarşı bütün dünyadan istifadə etməyi düşünür. Məhz bu məqsədlə Hindistanla münasibətləri gücləndirmək üçün hindistan əslli Kamala Harris hakimiyyətə gətirildi. Bəs, bu fonda Çinin yaxın müttəfiqi kimdir? Hindistanla arasında elə Qərb tərəfindən münaqişə toxumu əkilmiş Pakistan. Pakistanın da həm Türkiyə ilə, həm də Azərbaycanla çox isti münasibətlərdə olması artıq uydurma "soyqırımı" ifadəsini üfürdən küləyin bir istiqamətini də müəyyən edir zənnimcə.
Ancaq, heç bir mötəbər dəlilə, sübuta, real tarixi sənədə, hüquqi əsasa və məhkəmə qərarına əsaslanmayan bu iddianın hətta ABŞ Prezidenti tərəfindən səsləndirilməsi belə hansısa hüquqi nəticə doğura bilməz! Doğursa, doğursa ABŞ dövlətinin Prezident səviyyəsində etdiyi bu tarixi səhv elə onun özünün imici ilə bağlı bir sıra nəticələr doğura bilər. Bir daha bütün dünya ABŞ-ın çox standartlı siyasət yürütdüyünü, istənilən an müttəfiqlərinə badalağ gələ biləcəyini və çox etibarsız tərəfdaş olduğunu ortaya qoydu. Belə bir tarixi yanlışı onun Türkiyəyə lazım olduğundan daha çox Türkiyənin ona lazım olduğu gün kimi aydın olan ABŞ-a hələ çox baha başa gələcək! Türkiyəyə gəldikdə isə, düşünürəm ki, tarix boyu bu cür saxta və əsassız ittihamlardan, yad münasibətdən və eribarsız addımlardan doğru məntiqi nəticə çıxararaq cari inkişaf səviyyəsinə nail olmuş Türkiyə bu prosesi də düzgün dəyərləndirərək yalnız güclənib inkişaf edəcək!
Xəyal Bəşirov
"Siyasi və hüqui strateji araşdırmalar mərkəzi"nin rəhbəri.