Newscenter.az.27.04.2021. Baydenin açıqlaması reallıqda Türkiyə üçün heç nəyi dəyişməyəcək. Bu günə kimi qondarma soyqırımdan siyasi maraqlar üçün çeşidli istifadə cəhdləri kimi. ABŞ prezidentinin sözü beynəlxalq məhkəmənin qərarı deyil, indiyədək verilən bəyanatlar kimi heç bir hüquqi qüvvəsi olmayan kəlməcikdir. Türk xalqının tarixində utanc duyulası səhifə yoxdur. Əgər olsaydı, çoxdan hüquqi müstəviyə daşınaraq real təzyiq alətinə çevrilmişdi. Əgər olsaydı, Türkiyə Osmanlı dövlətinin arxivlərini açmağa, Ermənistanın və müstəqil ekspertlərin, tarixçilərin iştirakıyla birgə komissiya yaratmağa hazır olduğunu dəfələrlə bəyan etməzdi.
44 günlük haqq savaşında Zəfər qazanmaqla bölgədəki reallıqları dəyişən Azərbaycan üçün də reallıqda heç nə dəyişməyəcək. Türkiyə ilə birlikdə milli birliyimizin, bütövlüyümüzün, inkişafımızın gələcəyini təmin edəcək, regionda yaşayan bütün xalqların firavan və təhlükəsiz həyatına təminat verəcək strateji hədəflərimizə doğru çiyin-çiyinə addımlayacaq, haqqa, ədalətə, tarixi gerçəkliyə söykənən davamızdan vaz keçməyəcəyik.
Hətta Fransa senatının sədri Jerar Lapşenin mövcud olmayan və heç vaxt da olmayacaq qondarma rejimin tanınması ilə bağlı ermənilərin qulağına asdığı növbəti “lapşa” (əriştə) da heç nəyi və təbii ki, Azərbaycan xalqının, dövlətinin yaratdığı reallıqları dəyişməyəcək. Fransa prezidenti Emmanuel Makronun 44 günlük Vətən müharibəsində Azərbaycanın mövqeyini 1 mikron belə dəyişə bilmədiyi kimi...
Bütün bunlar isə uzun illərdən bəri başımızın altına yastıq qoyub bizi təslimçiliyə sürükləmək siyasəti yürüdən ATƏT-in Minsk Qrupunun sonu deməkdir. Minsk Qrupunun amerikalı və fransalı həmsədrlərinin son simasız davranışları, Azərbaycanın öz ərazi bütövlüyünü, ədaləti bərpa etmək üçün Vətən müharibəsinə başlamaqdan özgə çıxış yolunun olmadığını bir daha təsdiqləyir. Və həmçinin sübuta yetirir ki, Minsk Qrupu həmsədrlərinin 27 illik fəaliyyətinin aparıcı xəttini Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmaq, yaxud bu əraziləri Ermənistana birləşdirmək üçün vaxt və əlverişli imkan qazanmaq məqsədi təşkil edib. Tanrı bu əlverişli imkanı Azərbaycana yaratdığı və ədalətin yanında olduğu üçün Ona da asilik edirlər.
Elçin Mirzəbəyli-politoloq