Newscenter.az.27.04.2021. Amerika və Qərbi Avropa ölkələrinin yüksək inkişaf səviyyəsinin müxtəlif tarixi, siyasi, iqtisadi və sosial səbəbləri var. Məqsədim bu səbəbləri nəzərdən keçirmək və ya təhlil etmək deyil. Bu cəmiyyətlərdə məni ən çox cəlb edən xüsusiyyət formalaşmış iş etikasıdır ki, hamı buna ciddi və hörmətlə yanaşır. Onun əsasında hər bir insanın xoşbəxt olmaq hüququ (pursuit of happiness), əməyə verilən dəyər, hər kəsin vicdanla və əzmlə çalışmaq zərurətini dərk etməsi durur.
Qeyd edilən iş etikası yalnız sadə insanlara aid deyil, cəmiyyətin elit təbəqələri, o cümlədən iş adamlarına da şamil edilir. Maddi və mənəvi dəyərlərin əldə edilməsi vicdanla çalışmaq, yorulmadan işləmək, ciddi rəqabət şəraitində güclü və qalib olmaqdan keçir. İş etikasına hörmətlə yanaşan adam heç zaman mənasız işlərlə məşğul olmaz, vaxtın dəyərini bilər, öz məqsədlərinə nail olmaq və inkişaf etmək üçün çalışar. İlk növbədə özü-özünün, daha sonra isə cəmiyyətin qarşısında hesabat verər, məsuliyyətli davranar. Bu isə hər bir fərdin və bütövlükdə cəmiyyətin inkişafına yol açar.
İş etikası ilə bağlı anlayışı elmə ilk dəfə alman sosioloqu və filosofu Maks Veber 1905-ci ildə özünün “Protestant etikası və kapitalizm ruhu” əsərində gətirmişdir. Veberə görə Amerika və Avropanın inkişaf etmiş ölkələrində kapitalizmin inkişafı əməyə olan böyük həvəs və işin rasional təşkili nəticəsində mümkün olmuşdur. Alim qeyd etmişdir ki, böyük dövlətlər yaratmasına baxmayaraq Qədim Yunanıstan, Roma və Çində məhz iş etikası formalaşmadığından effektiv iqtisadiyyat qurula bilməmişdir. Bu gün də bildiyimiz kimi bir sıra ərazi və ya əhali cəhətdən nəhəng dövlətlər var ki, iqtisadi cəhətdən çox da böyük nəticələrə malik deyil. Cəmiyyətdə əməyə və iş etikasına olan münasibət gələcəkdə iqtisadi və sosial inkişafın gələcəyini şərtləndirir.
Veberə görə iş etikası insanda təbiət tərəfindən verilmir, ona anadangəlmə məxsus olmayan xüsusiyyətdir və bu etikanın formalaşdırılması uzun tərbiyə prosesinin nəticəsidir. Yalnız mənəvi və maddi dəyərlər əldə edildiyi zaman bu xüsusiyyət insanda uzun müddət qalır.
Bu gün hər birimiz öz fəaliyyət sahəmizdən asılı olmayaraq gördüyümüz işi daha keyfiyyətli və səmərəli həyata keçirməyə çalışmalı, zamanın və əməyimizin dəyərini bilməliyik. Heç kəs öz sevmədiyi və ya ürəyincə olmadığı işlə məşğul olmamalıdır. Bu insanın özünü, işəgötürəni və cəmiyyəti aldatması ilə nəticələnir. Odur ki, həyatda nə ilə məşğul olmaq istədiyimizi düzgün müəyyən etməli və daha böyük dəyər yaratmalıyıq. Nəticədə həm fərd olaraq biz, həm də bütövlükdə cəmiyyət daha böyük fayda görmüş olar.
Elnur Nəsibov-təhsil nazirinin müşaviri