Newscenter.az.27.04.2021. "Müharibə bitdikdən beş ay sonra, hələ də Ermənistan cəmiyyətində nifrət və Azərbaycanofobiya təzahürü müşahidə olunur. Azərbaycanla barışıqdan və dinc yanaşı yaşamaqdan danışmağa cəsarət edən hər kəsin "xain" kimi qəbul edildiyini və təhqiramiz şəkildə "Azərbaycanlı" və "Türk" adlandırıldığını görmək narahatlıq doğurur. Üstəlik, məsuliyyətsiz və təhlükəli revanşizm və dözümsüzlük fikirləri dövlət səviyyəsində təbliğ olunur və təəssüf ki, Ermənistandakı bütün siyasi spektrdə paylaşılır".
Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçin Azərbaycan Prezidentinə ünvanladığı məktubuna cavab olaraq nazirlikdən qeyd olunub ki, bütün bu qınanmalı gedişat, o cümlədən Ermənistan hakimiyyət orqanlarının Azərbaycana və azərbaycanlılara münasibətdə irqçi yanaşmasına görə hər hansı bir erməni məmuruna qarşı cəza tədbirinin görülməməsi bu günədək komissarın diqqətindən kənarda qalıb: "Azərbaycan ictimaiyyəti komissarın Ermənistan rəsmiləri tərəfindən bu cür açıq dözümsüzlük, irqçilik və ayrı-seçkilik təzahürləri ilə bağlı atdığı addımlardan xəbərsizdir.
Beləliklə də, 20 aprel 2021-ci il tarixli məktubunun Komissarın işinin müstəqilliyi və qərəzsizliyini şübhə altına aldığı və bunun Komissarın ofisi ilə Azərbaycan arasındakı münasibətlərə mənfi təsir göstərə biləcəyi vurğulanmalıdır. Üstəlik, məktubun qərəzsiz bir müraciətdən çox uzaq olması, onun “barışıq və barışığın təşviq edilməsi” kimi nəcib hədəfə zidd olduğunu açıq şəkildə nümayiş etdirir. Əksinə, bu, bölgədə mehriban qonşuluq münasibətləri qurmaq prosesini riskə atan revanşist dairələri cəsarətləndirir.
Azərbaycan, komissarı mandatının tələb etdiyi kimi qərəzsiz olmağa və Avropa Şurasının nüfuzuna xələl gətirəcək hərəkətlərdən və açıqlamalardan çəkinməyə çağırır".