Newscenter.az.28.04.2021. Qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı ABŞ Prezidenti C.Baydenin 24 aprel tarixli bəyanatı beynəlxalq münasibətlər sistemində hökmranlıq edən “ikili standartlar” siyasətinin təzahürüdür. Bu siyasi qisas naminə tarixi təhrif etməkdən başqa bir şey deyil. Böyük bir ölkənin başçısının tarixi rüsvayçılığa yol verməsi qəbulediməzdir. Bütün tarixi faktlar sübutdur ki, 1915-ci ildə Türkiyə ərazisində, həqiqətən, soyqırımı olub. Ancaq onu türklər yox, ermənilər törədiblər. Əslində, soyqırımına dinc türk əhalisi məruz qalmışdı. Bu gün ermənilərin soyqırımının qurbanları saydıqları insanların nə az, nə çox, 90 faizi dinc türk əhalisi olub. 1915-ci ildə hələ bugünkü Ermənistan yaradılmamışdı. Ermənilərin böyük əksəriyyəti məhz Azərbaycan torpaqlarında yaşayırdılar. Onların ümumi sayı 700 min nəfərdən çox deyildi. O zaman Türkiyə ərazisində yaşayan ermənilərin sayı 250 min nəfər idi. Həmin dövrdə Türkiyənin ağır vəziyyətindən istifadə edib onu daxildən parçalamaq üçün xaricdən çoxlu sayda silahlı erməni dəstələri gəlir və yerli ermənilərlə birləşərək dinc türk əhalisini qırırdılar.
Dünya tarixi daha bir beynəlxalq riyakarlıq nümunəsi ilə “zənginləşdi”. Qondarma “erməni soyqırımı” məsələsini siyasiləşdirərək gündəmə gətirənlər həmin dövrdə erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insanın kütləvi öldürülməsi halları, habelə erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlara münasibətdə susqunluq nümayiş etdirir. ABŞ Prezidenti Baydenin erməni anım günü münasibətilə bəyanatında 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur.
Qərbin ikili standartları daim Qərb ölkələrinin, əsasən də anqlosaks ölkələrin xarici siyasətində daim özünü göstərir: ikiüzlülük faktiki olaraq bu ölkələrin siyasətçiləri üçün çoxdan milli keyfiyyətə çevrilmişdir. İkili standartlar bunda özünü göstərir ki, eyni bir hadisə Qərb siyasətçiləri tərəfindən həmin anda onlara sərf etməsindən asılı olaraq, ya pislənə, ya da dəstəklənə bilər.
Ermənistanda revanşist qruplar və onların xaricdə havadarları mövcuddur. Onlar hələ də reallıqları dərk etmək istəmirlər. Xarici havadarlarının isə Azərbaycana qarşı məkrli planları olması da yeni məsələ deyil. Azərbaycan isə bəyan edib ki, torpaqlarını işğaldan azad edib, bundan sonra sülhün, əməkdaşlığın tərəfdarıdır, 10 noyabr razılaşmasına sadiqdir, ancaq bu cür terror məqsədli, diversant qruplar baş qaldırarsa, onlara qarşı anti-terror əməliyyatları da qaçılmaz olacaq. Prezident İlham Əliyev də bir neçə dəfə revanşist düşüncəli ermənilərə xəbərdarlıq edib, dəmir yumruğu unutmamağı tövsiyyə edib. Habelə, xaricdəki havadarlara, revanşistləri hərəkətləndirməyə çalışanlara da sərt mesajlar göndərib.
Maraqlı və həm də təəssüf doğuran haldır ki, erməni lobbisi də siyasi-diplomatik müstəvidə təxribatlarını, “diversiyalarını” davam etdirir. Təbii, gözlənilən idi ki, Qarabağda müharibə bitsə də, siyasi-diplomatik müstəvidə savaş xeyli müddət davam edəcək. Azərbaycan şübhəsiz ki, bu mərhələyə də hazırlıqlıdır və bu cinahdakı savaşda da qalib olacağıq.
Beynəlxalq hüquq normalarının pozulması Ermənistan üçün adi haldır. Bu ölkə heç bir qanun, qayda, hüquq norması tanımır. İstəyəndə hətta müharibə və bəşəriyyət əleyhinə cinayətlərə də böyük məmnunluqla gedir. Bu cinayətlərin ağrı-acısını Azərbaycan xalqı zaman-zaman yaşayıb.
Özləri haqqında "məzlum xalq" obrazı yaratmağa çalışan ermənilər bu gün də dünya ictimaiyyətini qondarma soyqırımı iddiaları ilə çaşdırmağa, türklər və azərbaycanlılar barədə mənfi rəy formalaşdırmağa çalışırlar. Lakin zaman keçdikcə dünya ictimaiyyəti dərk edir ki, qondarma erməni soyqırımı məsələsi məhz Türkiyə və Azərbaycan əleyhinə qərəzli kampaniyanın tərkib hissəsidir. Eyni zamanda, hər iki ölkənin fəal surətdə apardığı əks-hücum kampaniyası ermənilərin əsl xislətini açır, Ermənistanın işğalçılıq siyasətini ifşa edir. Son illər əksər beynəlxalq təşkilatlar və dövlətlər də Ermənistanın işğalçılıq siyasətini pisləmiş, münaqişənin respublikamızın ərazi bütövlüyü və suverenliyi prinsipi əsasında həlli vacibliyini önə çəkmişlər.
Dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyev ermənilərin təcavüzkarlıq siyasətindən əl çəkməyəcəyi təqdirdə Azərbaycanın güc tətbiq etmək məcburiyyətində qalacağını hər zaman açıq şəkildə bəyan etmişdir. Bütün bunların müqabilində haqq-ədalət öz yerini tapdı. Azərbaycan Respublikasının II Qarabağ savaşında zəfər çalması tarixi əhəmiyyət kəsb edir. Azərbaycana qarşı qərəzli mövqe tutan bəzi dünya dövlətləri Azərbaycanın hansı gücə malik olmasını bir daha görmüş oldu. Qüdrətli Azərbaycan ordusu cənab Ali Baş Komandanın rəhbərliyi ilə əzəli torpaqlarımızı- Qarabağı mənfur erməni işğalından azad etdi.
Əli İbrahimov-hüquqşünas