Newscenter.az.28.04.2021. Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə bir qrup yerli kütləvi informasiya vasitələri nümayəndələrinin işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarına növbəti səfəri başlayıb.
ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib ki, tədbir iştirakçıları əvvəlcə Füzuli rayonunun İşıqlı kəndində məhv edilmiş təbiət abidəsinə (Şərq çinar ağacı) baxış keçirəcəklər.
Daha sonra Füzulinin Dövlətyarlı kəndində istismar olunmuş "Dövlətyarlı mişar daşı" yatağına baxış olacaq.
Səfər çərçivəsində Füzulinin Qaraməmmədli kəndində 1 hektar sahədə ağac əkiləcək və Köndələnçay-1 su anbarına balıq buraxılması baş tutacaq.
Bundan başqa, Xocavənd rayonunun Azıx kəndi ərazisində yerləşən Azıx mağarası təbiət abidəsinə və Hadrut qəsəbəsindəki 900 yaşlı Şərq çinarı təbiət abidəsinə baxış keçiriləcək.