Newscenter.az.28.04.2021. ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələrindən danışarkən səsləndirdiyi qondarma “erməni soyqırımı” ifadəsini və tarixi təhrif edən ədalətsiz mövqeyini qətiyyətlə pisləyir və qınayırıq.
1915-ci il hadisələrinin araşdırılması ilə bağlı Türkiyə dəfələrlə müraciət edərək arxivlərini açmağa hazır olduğunu, bunun üçün bir dövlət olaraq hər cür dəstəyi göstərəcəyini bildirib. Ancaq təəssüflər olsun ki, arxivlərin açılmasından narahat olan, qorxuya düşən bəzi dövlətlər, xüsusilə Ermənistan bu təklifə müsbət cavab verməyib, hər dəfə yayınıb. Belə olan halda Ermənistanın və onun ədalətsiz havadarlarının qorxusunu başa düşmək olar. Onlar uydurduqları yalanların aşkara çıxacağını, bu yalanların tarixi faktlarla dünya ictimaiyyətinə çatdırılacağından təftişə düşürlər. Məhz bu səbəbdən Co Bayden və onunla eyni fikirdə olanlar tarixi təhrif edən bəyanatlar verməklə dövlətinin və özünün mövqeyinə ciddi şübhə yaradır. Görünür onlar üçün maraqları naminə danışmaq, müəyyən erməni və erməniprəst qüvvələri ətrafında toplamaq istəyi və çabası tarixi həqiqətləri danışmaqdan daha çox önəm kəsb edir. Lakin dünyada özünü “super güc”, “demokratik” ölkə adlandıran Amerika kimi bir dövlətin başçısının bu cür əsassız və faktlara dayanmayan çıxışları bu dövlətin özününü nüfuzuna xələldir.
Həmin dövlətlər soyqırımı haqqında danışarkən çox da uzaq keçmişə getməsinlər. Bu gün əlçatan arxivlərdəki materialları, video, foto və s. çəkilişlərlə, sənədlərlə sübuta yetirilmiş Xocalı soyqırımından danışsalar, tarixən ermənilərin azərbaycanlılara qarşı törətdiyi faciələrə, işğal siyasətinə diqqət yönəltsələr ədalətli olar. Əgər bu qüvvələr dünyada və regionumuzda inkişafın, sülhün tərəfdarı kimi özünü qələmə verirsə anlamalıdır ki, bu cür bəyanatları əksinə bu niyyətə qarşıdır və dövlətlərarası münasibətlərə zərbədir.
Düşünürəm ki, tarixi həqiqətlərin aşkara çıxması üçün Amerika və digər dövlətlər tarixi arxivlərin araşdırılması ilə bağlı Ermənistana təzyiq göstərməli, onun təkcə Azərbaycana qarşı deyil, digər dövlətlərə qarşı da əsassız torpaq və soyqırımı iddialarına son qoyulmalıdır. Bu məsələ sırf tarixi bir məsələdir və bu işlə tarixçilər məşğul olmalıdır. Onun siyasiləşdirilməsi qətiyyən yolverilməzdir və ambisiyalardan qaynaqlanır.
Türkiyə isə dünyada yüksək inkişafı və artan nüfuzu ilə öz haqları uğrunda daim mübarizə aparır və aparmaq iqtidarındadır. Biz də Azərbaycan olaraq qardaş Türkiyəmizin yanındayıq və haqlı mövqeyini birmənalı dəstəkləyirik! Azərbaycan və Türkiyə daim birdir, həmrəydir. Bu həmrəyliyə heç kim xətər yetirə bilməz. Bütün məsələlərdə bir-birimizə siyasi, diplomatik dəstəyin göstərilməsi üçün bundan sonra var gücümüzlə çalışacağıq.
KUBRA ƏLİYARLI
YAP Binəqədi rayon təşkilatının baş məsləhətçisi,
YAP ərazi ilk partiya təşkilatının sədri,
Binəqədi Bələdiyyəsinin komissiya sədri