Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qaqauzun rəhbəri İrina Vlax Azərbaycana səfər edəcək



Newscenter.az.28.04.2021. Moldova Respublikasının Komrat şəhərində Azərbaycan səfiri Qüdsi Osmanov bu ölkənin Qaqauz Muxtar Ərazisinin rəhbəri İrina Vlax ilə görüşüb.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, görüşdə ölkəmizlə Qaqauz arasında bütün sahələr üzrə genişlənən əməkdaşlıq münasibətləri, Azərbaycanın Qəbələ rayonu ilə Qaqauz arasında qardaşlaşmaya dair sazişin imzalanması perspektivləri və bununla əlaqədar İ.Vlaxın ölkəmizə səfərinin planlaşdırılması ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra səfir Qaqauz rəhbəri və nümayəndə heyəti ilə birgə Çadır-Lunqa şəhərinə yola düşərək orada Heydər Əliyev Fondu tərəfindən maliyyələşdirilmiş təhsil və mədəniyyət mərkəzində yekunlaşmaq üzrə olan işlərin gedişatına və keyfiyyətinə baxıb, mərkəzdə yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, mərkəzin inşasına 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında başlanılıb. Hazırda layihə üzrə son tamamlanma işləri həyata keçirilir. Mədəniyyət və təhsil mərkəzinin binası bütün lazımi əşya və avadanlıqlarla təchiz edilib, kommunal şəbəkələrə qoşulub. Eyni zamanda, mərkəzin yerləşdiyi ərazinin abadlaşdırılması üzrə işlər davam etdirilir. Ümumi sahəsi 1 500 kvadratmetr olan mərkəzdə 166 nəfərlik akt zalı olan uşaqlar üçün incəsənət, musiqi və yaradıcılıq mərkəzləri fəaliyyət göstərməsi nəzərdə tutulub. Mərkəzdə aparılan işlərlə tanışlıq zamanı Qaqauz rəhbəri İ.Vlax təhsil və mədəniyyət mərkəzinin uşaqların inkişafı istiqamətində yeni imkanlar açacağını bildirərək xalqlarımız arasında dostluq rəmzinə çevriləcək mərkəzin inşa edilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının rəhbərliyinə təşəkkürünü ifadə edib, mərkəzə ulu öndər Heydər Əliyevin adının verilməsi təklifini bir daha dilə gətirib.

Görüşün sonunda Q.Osmanov yerli mətbuat nümayəndələrini maraqlandıran sualları cavablandırıb.
Xəbəri paylaş