Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Baktelecom” Binə qəsəbəsində optik şəbəkəsini istifadəyə verib



Newscenter.az.29.04.2021. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) paytaxtın Xəzər rayonunda yerləşən Binə qəsəbəsi, Südçülük massivində 5 000 nömrə tutumlu yeni optik şəbəkəsini istifadəyə verib.

Bu barədə Newscenter.az nazirliyə istinadən xəbər verir.

Sözügedən ərazidə artıq 500-dən çox ailə telefon, internet və televiziya xidmətləri ilə təmin olunub. Bu xidmətlərin dəstəklənməsi üçün istifadəçilərə modemlər ödənişsiz təqdim edilib.

Əlavə olaraq qəsəbənin Atçılıq massivində də “Evədək optika” layihəsi icra olunur. Müasir standartlara cavab verən fiber-optik xətlərin çəkilişi yekunlaşdıqdan sonra sakinlərin telekommunikasiya xidmətlərinə qoşulması təmin ediləcək.

Ümumilikdə “Baktelecom” Binə qəsəbəsində 2022-ci ilin ortalarınadək 10 000 nömrə tutumlu optik şəbəkənin tikintisini planlaşdırır. Aparılan yenidənqurma işləri ilə ərazidə rabitə xidmətlərinə mövcud tələbatın tam şəkildə aradan qaldırılması nəzərdə tutulub.

Qeyd edək ki, “Evədək optika” layihəsi çərçivəsində Bakı və ətraf ərazilərdə 230 000 istifadəçi tutumlu optik şəbəkə yaradılıb. Artıq bu şəbəkə üzərindən 130 000 mənzilin müasir standartlarla optik xidmətlərə qoşulması təmin edilib. Sözügedən şəbəkə ən müasir internet bağlantısı olan GPON (Gigabyte Passive Optical Network – Qiqabit tutumlu passiv optik şəbəkə) texnologiyası əsasında qurulur. Bu texnologiya sabit sürətə zəmanət verməklə yanaşı, telefon, internet və televiziya xidmətlərini bir xətt üzərindən təqdim etməyə imkan yaradır.

Xatırladaq ki, 1997-ci ildə yaradılan “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (BTRİB) 2017-ci ilin 19 iyul tarixində “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq yenidən təşkil edilib. 2001-ci ilin 10 may tarixində BTRİB-in nəzdində “Bakİnternet” ilk dövlət internet şəbəkəsi yaradılıb.

“Baktelecom” dövlət orqanlarına, korporativ və fərdi seqmentdən olan 630 min müştəriyə bütün növ müasir telekommunikasiya xidmətləri – telefon, internet, DATA, İPTV, CDMA və LTE texnologiyalarına əsaslanan telefoniya xidmətləri təqdim edir. Əlavə olaraq şirkət rabitə qurğularının layihələndirilməsi xidmətini də həyata keçirir.

Şirkətin bütün istismar ərazisini əhatə edən kabel-kanal qurğuları, fiber-optik şəbəkəsi, IP/MPLS texnologiyasına əsaslanan daşıyıcı şəbəkəsi, GPON texnologiyasına əsaslanan paylayıcı şəbəkəsi mövcuddur. Qurumun tabeliyində altı Rabitə xidmətləri mərkəzi, “Azərrabitəlayihə” MMC və “AzEuroTel” MMC fəaliyyət göstərir.

Müştəri məmnuniyyətinin yüksəldilməsi və xidmət coğrafiyasının genişləndirilməsi məqsədi ilə hazırda fiber-optik, magistral və paylayıcı şəbəkənin əhatə dairəsinin artırılması istiqamətində layihələr həyata keçirilir.
Xəbəri paylaş