Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa bizi heyrətləndirməyə davam edir

Fransa bizi heyrətləndirməyə davam edir


Newscenter.az.29.04.2021. Fransa bizi heyrətləndirməyə davam edir. Amma əlbəttə ki, söhbət pis mənada heyrətləndirməkdən gedir. Biz əvvəlcə Fransa Senatının sədri Jerar Larşenin geniş nümayəndə heyəti ilə Ermənistana 3 günlük rəsmi səfəri zamanı Azərbaycana qarşı qərəzli açıqlamarla çıxış etməsinin, absurd ittihamlar irəli sürməsinin şahid olduq. Bunun ardınca isə Fransa Milli Assambleyasının deputatı Fransua Pupponin Azərbaycana qarşı haqsız mövqe nümayiş etdirdi. Belə ki, F.Pupponin 10 noyabr Bəyanatından sonra Azərbaycan ərazisində terror və diversiya fəaliyyəti həyata keçirməyə cəhd göstərmiş erməni diversantlardan ibarət qrupun üzvlərini terrorçu, diversant adlandırmaq əvəzinə, “hərbi əsir və dinc sakinlər” kimi qələmə verən qətnamə layihəsini Fransa qanunverici orqanına təqdim edib.

İstər Jerar Larş, istərsə də Fransua Pupponin heç şübhəsiz ki, erməni diasporasının pulları hesabına danışır. Onlar siyasətə biznes kimi yanaşır və "erməni məsələsi"ndən də ilk növbədə öz şəxsi rifahlarını yaxşılaşdırmaq məqsədilə istifadə edirlər. Fransa parlamentariləri üçün mənəvi dəyərlər artıq çoxdan arxa plana keçib. Onların rəsmi Bakının 10 noyabr Bəyanatından sonra Azərbaycan ərazisinə göndərilmiş diversant qrupunun üzvlərinin hərbi əsir olmadıqlarını dəfələrlə bəyan etməsini qulaqardına vurması da məhz bundan irəli gəlir. Fransalı siyasətçilər sanki qəsdən Azərbaycan həqiqətlərini iqnor etməyə çalışırlar.

Ən maraqlı məqamlardan biri də budur ki, Jerar Larşe kimi qeyri-obyektiv şəxslər bir tərəfdən Azərbaycana qarşı ittihamlar yağdırır və qondarma erməni "hərbi əsir"lərinin hüquqlarının pozulmasından dəm vururlar, ancaq digər tərəfdən isə torpaqlarmızın 30 ilə yaxın işğal altında saxlanmasına, məscid və qəbristanlıqlarımızın ermənilər tərəfindən vəhşicəsinə dağıdılmasına, tarixi abidələrimizin məhv edilməsinə, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, əsir götürülmüş azərbaycanlıların üzə çıxarılmamasına, minalanmış ərazilərin xəritələrinin verilməməsinə isə heç bir münasibət bildirmək istəmirlər. Bu da onların "ikili standartlar"la hərəkət etməsini göstərir.

Əslində bütövlükdə Fransa dövlətinin hazırki siyasəti büsbütün "ikili standartlar" üzərində qurulub. Ədalətsizlik və qərəzlilik Makron Fransası üçün "norma"ya çevrilib. Ədalət prinsipinə sadiqliyini qoruyub saxlaya bilməyən, neytral mövqedən kənarlaşan bir ölkə hansı haqla ATƏT-in Minsk Qrupunun həmsədri ola bilər? Fransa bu haqqı çoxdan itirib. Hazırkı mövqeyi ilə Fransanın həmsədr olmağa nə mənəvi haqqı, nədəki siyasi əsası yoxdur. Odur ki, Fransa təcili surətdə həmsədrlikdən uzaqlaşdırılmalıdır. Bu Azərbaycan üçün olduqca prinsipial məsələdir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş