Newscenter.az.7.05.2021. Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan İsmayıllı şəhər sakini XTQ-in giziri Musayev Ramil Aydın oğlunun 30-cu doğum günündə Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və millət vəkili Novruzəli Aslanov tərəfindən ailəsi ziyarət olunub. Newscenter.az xəbər verir ki, ailə ilə səmimi söhbət edilib, problem və qayğıları ilə maraqlanıblar. Ailəli olan Ramil şəhid olduqdan sonra Vətənə əmanət bir oğul övladı dünyaya gəlib və ona da Ramilin adı verilib. Şəhid ailələri, müharibə iştirakçıları hər zaman rayonun səlahiyyətli şəxslərinin diqqətindədir.
Azərbaycan Ordusunun kiçik giziri olan Ramil Musayev 2020-ci il sentyabrın 27-də Erməni ordusunun təxribatı nəticəsində başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı ilk günlər Kəlbəcər rayonu istiqamətində, sonra isə Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ramil Musayev oktyabrın 4-də Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ramil Musayev ölümündən sonra "Qarabağ" ordeni, "Vətən Uğrunda", "Cəbrayılın azad olunmasına görə", “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Anar