Newscenter.az.8.05.2021. "Bu gün qəhrəman Azərbaycan sərhədçisi - uğrunda qan tökdüyü, şəhidlər verdiyi torpaqlarımızın azad olunmasında iştirakından və dövlət sərhədində üçrəngli dövlət bayrağımız altında xidmət etməkdən qürur duyur!"
Bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev deyib.
O vurğulayıb ki, Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunan hissəsində sərhəd zastavalarının fəaliyyəti bərpa edilib: "Zəngilan, Qubadlı rayonlarından və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə sərhəd-döyüş məntəqələri yaradılıb. Son 2 ay ərzində bu istiqamətlərdə 10 yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.
May ayının sonunadək daha 6 hərbi hissənin təmir-tikinti işləri başa çatdırılacaqdır. Bu da dövlətimizin, şəxsən Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan sərhədçisinə göstərdiyi diqqət və qayğının daha bir təzahürüdür".