Newscenter.az.8.05.2021. 8 may… Biz, iyirmi səkkiz il yarım bu tarixi üzüntü, ağrı və təəssüf hissi ilə qeyd edirdik. Azərbaycanın döyünən ürəyi və mədəniyyət incisi olan Şuşanın işğal edildiyi günü ürək ağrısı ilə xatırlayırdıq.
1992-ci il mayın 8-də qədim və tarixi Şuşa şəhərimiz işğal edildi. O vaxtkı bacarıqsız və səriştəsiz dövlət rəhbərlərinin səhvləri ucbatından şəhər ermənilərin əlinə keçdi, neçə-neçə mədəniyyət evi, muzeylər, təhsil müəssisələri, kitabxanalar dağıdıldı, minlərlə yaşayış evi talan edilərək viran qoyuldu.
Bülbül, Xan Şuşinski, Üzeyir Hacıbəyov, Seyid Şuşinski, Rəşid Behbudov, Niyazi, Fikrət Əmirov, Cabbar Qaryağdıoğlu, Süleyman Ələsgərov, Qurban Pirimov kimi incəsənət xadimləri yetişdirmiş, “Şərqin konservatoriyası” adlanan bu şəhər düz 28 il yarım erməni əsarəti altında inlədi, haray, imdad istədi.
Ulu öndərimiz Heydər Əliyev demişdi ki, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur…”. Ümummilli Liderimizin vaxtilə söylədiyi o dəyərli kəlam artıq bu gün reallığa çevrilib. Düz 28 il yarım sonra, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Rəşadətli Azərbaycan
Ordusunun igid və qəhrəman əsgər və zabitləri 2020-ci il noyabrın 8-də Şuşanı azad etdi. İllərdi ki, böyük ümidlə gözlədiyimiz an gəlib yetişdi və müjdəli xəbəri cənab Prezidentimiz verdi.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına müraciətində söylədiyi “…İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox…” bu cümlələr hər birimizin qəlbini titrətdi, göz yaşlarına boğdu.
Amma bu sevinc göz yaşları idi, heç bir zaman unudulmayacaq qürur dolu bir hiss idi…
Biz, bizə bu hissi yaşatmış Ali Baş Komandanımıza, cəsur əsgər və zabitlərimizə bir ömür boyu borcluyuq.
İyirmi səkkiz il yarım ürək ağrısı ilə xatırladığımız 8 may günü tarixə qovuşub. Artıq 8 noyabr gününü, Şuşamızın azadlığı gününü qeyd edəcəyik. Böyük fəxarət və qürur hissi ilə 44 günün Qələbəsini, Zəfər günümüzü qeyd edəcəyik.
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Jalə Əhmədova-Milli Məclisin deputatı