Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyevin Azərbaycan idelogiyası və multikulturalizm



Newscenter.az.8.05.2021. Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. Tarixi ənənələrə nəzər salsaq görərik ki, istər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış XX əsrin sonlarında ümummilli lider Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilmış, tolerantlıq və multikulturalizm ənənələri bərpa edilmişdir. Azərbaycan multikulturalizminin siyasi əsasları Azərbaycan Respublikasının Konstitusiyasının bəndlərində, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini tapmışdır. Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması bu gün beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir.

Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır. Multikulturalizm ingilis dilindən tərcümədə “çoxlu mədəniyyətlər” deməkdir. Multikulturalizm ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və dinlərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərinin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Azərbaycandakı multikulturalizmlə bağlı Heydər Əliyev deyirdi: "Azərbaycanın vətəndaşları dini, irqi, siyasi, dil mənsubiyyətindən asılı olmayaraq, hamısı eyni hüquqa malikdir və onların hüquqları Azərbaycan tərəfindən qorunur və mühafizə olunur. Siz əmin ola bilərsiniz ki, biz bu məqsədlərimizə, bu prinsiplərimizə daim sadiq olacağıq və gələcəkdə də Azərbaycan vətəndaşlarının dini mənsubiyyəti, yaxud dil mənsubiyyəti, siyasi mənsubiyyətindən asılı olmayaraq, bir-birilə münaqişəyə girməsinə yol verməyəcəyik". Azərbaycanda dövlətin multikultural ənənələri qorumasında ən vacib məqam milli lider Heydər Əliyevin təşəbbüsü ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən, Konstitusiyada əks olunmasıdır. Belə ki, multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipi Konstitusiyanın bir sıra maddələrində təsbit edilib. Buna görə də Heydər Əliyevi Azərbaycan multikulturalizminin siyasi banisi hesab etmək olar: "Ulu öndər Heydər Əliyev ilk növbədə bununla Heydər Əliyev siyasi modelinin assimilyasiya və izolyasiya kimi digər modellərdən üstün olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür, biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq deyən ulu öndər bütün sonrakı siyasi fəaliyyətini bu sərvətin əbədi olması istiqamətinə yönəltdi.

Azərbaycanda tolerantlıq kimi multikulturalizm ideyalarına sadiqlik hər zaman güclü olub və bu gün də eyni vəziyyətdədir. Azərbaycanda insanları yaxınlaşdıran, xalqları sülh, sabitlik, insanları mehribanlıq, qarşılıqlı hörmət naminə birləşdirən azərbaycançılıq və multikulturalizm olduqca böyük dəyərdir. Tədqiqatçılar qeyd edir ki, Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xalqa "Suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq, bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur" çağırışı da dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir amal ətrafında sıx birliyini təmin edib, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakları ilə Azərbaycan həqiqətlərinin təbliğinə öz böyük töhfələrini vermələrinə stimul olub. Bir sözlə, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir.

Heydər Əliyevi Azərbaycanda multikulturalizmin banisi kimi dəyərləndirən ekspertlər hesab edir ki, onun rəhbərliyi dövründə yaradılan sağlam mühit dinlər, xalqlar, cəmiyyətlər arasında sabitlik, dostluq, birlik toxumu səpib. Heydər Əliyevin bütün xalqlara, dinlərə eyni gözlə yanaşması sayəsində ölkəmizdə yaşayan hər bir xalqın nümayəndəsi sülh, əminamanlıq içərisində yaşayır.

Ağayeva Məleykə
YAP Sabirabad rayon təşkilatının sədri
Xəbəri paylaş