Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müstəqil Azərbaycan Ulu Öndərin xalqımıza ən böyük töhfəsidir

Müstəqil Azərbaycan Ulu Öndərin xalqımıza ən böyük töhfəsidir


Newscenter.az.10.05.2021. Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət kimi Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir. Tarixi şəxsiyyətlər unudulmur və əbədi olaraq yaddaşlara həkk olunur. Onlar təkcə mənsub olduqları xalqın deyil, bütün bəşəriyyətin əvəzsiz inciləridir. Həyat belə insanların xidməti hesabına, onların çiyinləri üstündə bərqərar olur.

Ümumilli Lider Heydər Əliyev haqqında çox yazılıb, onun irsi bu gün də hərtərəfli təhlil edilir, lakin bu prosesin sonu yoxdur, çünki Heydər Əliyev öz xalqı və müstəqil dövlətimiz üçün elə xidmətər göstərib ki, hər bir nəsil onun gördüyü işləri nümunə kimi götürməli, tövsiyələrini heç vaxt unutmamalıdır. Heydər Əliyev nadir tarixi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu kimi xalqımızın həyat fəaliyyətinin mayakı olmalıdır. Onun həyat fəaliyyətinə təkrar-təkrar müraciət etməliyik, analiz edib nəticələr çıxarmalıyıq.

Heydər Əliyev siyasətçi və dövlət xadimi kimi ən uca missiyanı gerçəkləşdirərək müstəqil Azərbaycan dövlətinin memarı oldu. Onun həyat və fəaliyyəti Azərbaycan tarixinin çox dəyərli bir hissəsi və bu tarixin ən şanlı şəhifələrindəndir. Bu dahi şəxsiyyətin həyat və fəaliyyətini öyrənmək, onun gördüyü işlərin, başladığı layihələrin tarixi əhəmiyyətini dərk etmək özü bir tarix məktəbini bitirməyə bərabərdir.

“Müstəqil Azərbaycan dövlətçiliyi Heydər Əliyevin şah əsəridir”- bu təkcə biz azərbaycanlıların deyil, Heydər Əliyevin qurduğu dövləti tanıyan, onunla hesablaşan əcnəbilərin də dərin etirafıdır. Ölkəmizdə bərqərar olan sabitlik, həyatın bütün sahələrində qazanılan uğurlar Heydər Əliyevin məhz bu cür şəxsiyyət olduğunu göstərdi. Bu sabitlik və əmin-amanlıq nəticəsində nəhəng islahatlar həyata keçirildi, qərb standartlarına uyğun qanunvericilik aktları qəbul edildi. Siyasət aləmində misli-bərabər olamayan bu dahi şəxsiyyət Azərbaycanı qısa müddətdə bütün dünyaya tanıtdı, xalqımızın dünya xalqları arasında möhkəm yer tutması üçün nə lazımdırsa, etdi.

Bu gün Azərbaycan ərazi bütövlüyünü bərpa edərək, 44 günlük vətən müharibəsində düşməni məğlub edərək bütün dünyaya Azərbaycan dövlətinin dinamik inkişaf edən, dünya birliyində layiqli yer tutan, müstəqil siyasət yeridən, güclü orduya malik olan bir dövlət olduğunu sübut edib. İmzalar içərisində millətimizin də imzası aydın görünür. İndi planetimizin çox yerindən nəzərlər dünyada ən böyük enerji layihələrinin gerçəkləşdiyi Azərbaycana yönəlib. Təkcə biz yox, bütün dünya bilir ki, “Əsrin müqaviləsi”nin və digər neft kontraktlarının və misilsiz əhəmiyyətə mailk neft kəmərinin reallaşması məhz Heydər Əliyevin xidməti idi.

Bu gün müasir Azərbaycan özünəməxsus inkişaf yolu ilə gedir. Bu inkişafın təməl daşları Ümummilli liderimiz Heydər Əliyevin çiyinləri üzərinə hörülüb. Heydər Əliyev məktəbinin yetirməsi, onun siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlar, xalqla birbaşa ünsiyyətdə olması Ümummilli lider tərəfindən başlanmış işlərin məntiqi davamıdır.
Memarı və qurucusu Heydər Əliyev olan müstəqil Azərbaycan bu gün dahi şəxsiyyətin xalqımıza ən böyük töhfəsidir. Hər bir Azərbaycan vətəndaşının borcu isə Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanı qoruyub yaşatmaqdır. Azərbaycan yaşadıqca Ulu öndər Heydər Əliyevin də xatirəsi əbədi yaşayacaq və gələcək nəsillərə ən dəyərli miras kimi ötürüləcəkdir.

10 may tarixi bizim üçün bu baxımdan ən dəyərli tarixi miraslardan biri, Heydər Əliyev dühasının doğum günüdür. Əminik ki, bu gün cənab Prezident İlham Əliyevin uğurları, ölkəmizin inkişafı, xalqımızın və dövlətimizin sarsılmaz birliyi sayəsində Ulu öndərin ruhu şaddır. Onun əziz xatirəsini hörmət və ehtiramla yad edir, Allahdan onun ruhuna rəhmət diləyirik.

Eldəniz Səlimov-Milli Məclisin deputatı
Xəbəri paylaş