Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hərbi Qənimətlər Parkı: Ermənistanın rəzalət simvolu



Newscenter.az.13.05.2021. Hərbi Qənimətlər Parkı 44 günlük Vətən müharibəsindən sonra qürurla ziyarət edə biləcəyimiz məkanlardan biridir.Çox qısa zamanda görülən genişmiqyaslı işlərlə tanış olmaq məqsədilə evladlarımla və qardaşım balalarl ilə bərabər Parka yollandıq.Deyə bilərəm ki, açıq səma altında şanlı Zəfərimizin canlandırıldığı unikal Parkda tarix yatır. Hələ Parka çatmamış uzaqdan tribunalardan səslənən hərbi marşın sədaları insanda ötən ilin dekabrın 10-da Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunan Zəfər paradına qatılmış kimi qürur və fəxarət hissi yaşadır.

Parkın girişində Vətən müharibəsi zamanı baş verən hadisələrin xronoloji ardıcıllıqla qeyd olunduğu iri bir lövhə yerləşir. Burada sentyabrın 27-dən noyabrın 10-na qədər Azərbaycan Ordusunun əldə etdiyi uğurlarla yanaşı, eyni zamanda ermənilərin Gəncədə, Bərdədə, Tərtərdə dinc sakinlərə qarşı törətdiyi hərbi cinayətlər haqda məlumatlar da əks olunub.

Parkın meydanında isə Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya yer alıb.
Meydanın sağ tərəfində işğaldan azad olunmuş torpaqlara hamıdan əvvəl ayaq basmış Xüsusi Təyinatlı Qüvvələrin maketləri var.
Vətən müharibəsinin hər bir anı Hərbi Qənimətlər Parkında səhnələşdirilib. Parkı gəzən hər kəs müharibədə düşmənin necə döyüşdüyünü, hansı şəraitdə yaşadığını aydın görə bilər.

Ermənilərin Qarabağda qurduğu sığınacaqların, hərbi kazarmaların eynisi olduğu kimi canlı eksponatların arasında yaradılıb. Gizli tunel bizi ermənilərin yerin altında gizləndiyi bunkerə aparır. Bunkerdə olan silah, yemək anbarı, yeməkxana, əsgər yataqxanası və komandir otağında olan əşyalar və silah ermənilərdən ələ keçirilən qənimətlərdir.

Otaqlarda olan kitablar, televizorlar, kibrit qutusu, siqaret, dəmir fincanlar, xəritə, müşahidə kameraları, içdikləri su, kisələrdə olan düyü, qarabaşa, un, hətta yerdəki daşlar belə, cəbhə xəttində necə ələ keçirilibsə, olduğu kimi də Hərbi Qənimətlər Parkında qurulub.
Bir sözlə, təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
Ərazidə gəzərkən tankların "sep"ləri arasına yığılıb qalan torpaq diqqətimi çəkir. İlahi, görəsən bu torpaq Qarabağdan gəlibmi? İrəliləyib ondan bir ovuc götürsəm... Tərəddüd içindəyəm. Kənardan nəzarətçinin “yaxına gedib hərbi qənimətlərə toxunmaq olmaz” deməsilə fikrimi dəyişirəm.

Yaxın zamanlarda Qarabağa getmək ümidilə başqa bir əraziyə gedirəm.

Hərbi Qənimətlər Parkını ziyarət edən hər kəs Azərbaycan Ordusunun qüdrətinə bir daha şahid olur. Bu Qələbəni əldə etmək çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənmişdi, istehkamlar qurmuş, səngərlər, sığınacaqlar qazmışdı. Bütün bunlara baxmayaraq, Azərbaycan Ordusu qəhrəmanlıq, peşəkarlıq göstərərək düşməni məğlub etdi.Bir sözlə, Ali Baş Komandanımız, Prezident İlham Əliyevin dediyi kimi: “Hərbi Qənimətlər Parkı Azərbaycan tarixinin şanlı səhifələrini əks etdirən simvollardan biridir. Azərbaycan Ordusunun gücünü əks etdirən bu nadir park gələcək nəsillər üçün dəyərli məkana çevriləcək. Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun qüdrətinin göstəricisi, eyni zamanda erməni işğalçı ordusunun biabırçı məğlubiyyətinin bütün dünyaya nümayişidir”.
Hərbi Qənimətlər Parkı dediklərimizi sübut edən tarixi sənəddir!
Bu da hər bir vətəndaş kimi məni də qürurlandırır!

Aygül Bağırova-Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Xəbəri paylaş