Newscenter.az.13.05.2021. "Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Onların ailələrinə, balalarına, ata-analarına başsağlığı verirəm və səbr arzulayıram. Şəhidlərimiz cənnətməkandırlar. Peyğəmbərimizlə birlikdə cənnətdədirlər. Allah qazilərimizə tezliklə şəfa və cansağlığı versin".
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Təzəpir məscidində qılınan Ramazan bayramı namazı mərasimində deyib.
"Bu qələbəni qazanmaq çox çətin oldu. Əlbəttə, bu qələbəni qazanmaq üçün xalq-iqtidar birliyi lazım idi, ruh yüksəkliyi lazım idi, iman və inam lazım idi. Bunu da Azərbaycan xalqı qazandı və əldə etdi. Vətən müharibəsi dövründə xalq olaraq bir yumruq kimi birləşdik. Erməni faşizmini məhv edə bildik. Yumruq kimi birləşən xalq-iqtidar birliyi idi. Çox sevinirəm ki, Prezidentimiz İlham Əliyev cənabları Şuşada Cıdır düzündə çıxışında buyurdu ki, bu dəmir yumruğun içərisində həm də dindarlarımız var, iman əhli var. Bu bizə verilən böyük bir qiymətdir. Ona görə biz Ali Baş Komandanımıza təşəkkürümüzü bildiririk. Bizim din xadimlərimiz içərisində şəhidlərimiz də, qazilərimiz də oldu. Dindarlarımız 44 günlük müharibə dövründə prosesdən ayrılmadılar".