Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildi



Newscenter.az.13.05.2021. Azərbaycan xalqı üçün daha bir tarixi hadisə yaşandı. Prezident İlham Əliyevin müvafiq qərarı ilə Heydər Əliyev Fondu milli qürur, milli mənlik, mədəniyyət, incəsənət və tarix beşiyimiz olan Şuşada möhtəşəm “Xarıbülbül” musiqi festivalını təşkil etdi. Bu festival sonuncu dəfə 1989-1990-cı illərdə keçirilmişdi. Ermənistanın Azərbaycana təcavüzündən sonra bu mədəniyyət tədbiri elə tarix olaraq yaddaşlarda yaşamağa başlamışdı, fotolarda, video kadrlarda qalmışdı. Lakin 30 il sonra müzəffər Ali Baş Komandan İlham Əliyevin və qalib ordumuzun sayəsində bu mədəniyyət tədbiri də bərpa olundu. Bu mənada, Şuşada Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildi.

Tarixi siması qaytarılan, yenidən bərpa olunan Qarabağın döyünən ürəyi və ölkəmizin mədəniyyət paytaxtı olan Şuşada belə bir tədbirin keçirilməsi, xüsusilə də ilk festivalın şəhidlərimizə həsr olunması böyük əhəmiyyətə malikdir. Həm də “Xarıbülbül” musiqi festivalını 44 günlük Vətən müharibəsində qazanılmış zəfərin davamı kimi də qiymətlədirə bilərik. Necə ki, 44 gün ərzində torpaqlarımızın işğaldan azad olunması üçün bütün xalqların münayəndələri birgə savaşırdısa, elə Şuşada, Cıdır düzündə də həmin xalqların nümayəndələri qələbəni bir daha birgə qeyd edir, milli birlik nümayiş etdirirdi. Bununla xalqımız Şuşanı tankla, topla, ağır silahlarla silahlanmış düşməndən əliyalın şəkildə azad edən hərbçilərimizin, şəhidlərimizin, qazilərimizin əməlini yüksək dəyərləndirir, qürurunu yüksək tutur. Əlbəttə ki, bu tədbiri bütün dünya da canlı izləyirdi. Dostlarımız da, düşmənlərimiz də baxırdı və hər kəs bir daha Azərbaycandakı milli birliyi, milli qüruru, milli ləyaqəti görürdü. Vaxt var idi ki, Paşinyan və başqa işğalçı dövlətin nümayəndələri Cıdır düzündə yallı oynayır, azərbaycanlılara gözdağı verirdi. Lakin tarixi ədalət bərpa olundu və Prezident İlham Əliyevin dediyi kimi artıq Azərbaycan mədəniyyəti, mədəniyyətimizin görkəmli nümayəndələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır.

Bu ildən başlayaq hər il Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək, eləcə də gələn il Şuşanın 270 illik yubileyi qeyd olunacaq. Vaxtilə Şuşada formalaşmış mədəniyyət, incəsənət, yaşayış da bərpa olunacaq. Bütün bunlar bir daha nümayiş etdirir ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək azadlığına qovuşan, 270 illik tarixi olan Şuşa şəhərini yenidən bərpa edir, dirçəldir, əvvəlki şöhrətinin qaytarılması üçün yeni dövr başladır. Bu dövr milli qürur, milli ləyaqət və inkişaf, dirşəliş dövrüdür.

Sədaqət Vəliyeva-Milli Məclisin deputatı
Xəbəri paylaş