Newscenter.az.14.05.2021. Azərbaycan hazırda özünün Böyük Oyanış və Dirçəliş mərhələsini yaşayır. Biz bu günlərdə ən mühüm tarixi hadisələrin baş verməsinə şahidlik edirik. Dövlət başçısının mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri zamanı bir sıra önəmli mesaylar verməsindən sonra, onun Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə mədəniyyət paytaxtımız Şuşaya səfər etməsi, açılış və təməlqoyma mərasimlərində, festivalda iştirak etməsi çox böyük bir geosiyasi və mədəni-iqtisadi strategiyanı gerçəkləşdirməyimizin tərkib hissələridir. Prezident İlham Əliyevin hazırda həyata keçirdiyi siyasət planlı siyasət, sistemli və məqsədyönlü siyasət olması ilə diqqəti cəlb edir. Azərbaycan öz böyük hədəflərinin realizasiyası mərhələsinə daxil olub.
Biz indi 30 il davam edən işğalın ağır sıxıntılarından, ağrı-acılarından sonra tariximizin ən gözəl günlərini yaşayırıq. Bu ilki Ramazan bayramımız Qarabağlı ilk Ramazanımız oldu. Və nə xoş təsadüf ki, bayram bayrama qarışdı. Şuşa şəhərində müqəddəs Ramazan bayramı qeyd olundu, bayram namazı qılındı, "Xarıbülbül" festivalı keçirildi. "Xarıbülbül" festivalında Prezident İlham Əliyevin çıxışında vurğulanan məqamlar və ölkəmizin hər yerindən Şuşaya gələn yaradıcı kollektivlərin ifaları həm ermənilərə dağ çəkdi, həm də Azərbaycanın mədəni potensialını, multikultural yaşam tərzini bir daha bütün dünyaya göstərdi. Hamımız möhtəşəm festival görüntülərini və Şuşadakı atəşfəşanlığı xüsusi qürur hissilə izlədik. Əlbəttə, bütün bunlar hamısı möhtəşəm tarixi anlardır.
Xalqımıza böyük sevinc və qürur hissi yaşadan bu bayram törənlərinin təşkil edilməsində heç şübhəsiz ki, Birinci vitse-prezidentin rolu və əməyi ayrıca qeyd edilməlidir. Belə ki, Heydər Əliyev Fondunun məhz Mehriban Əliyevanın rəhbərliyi ilə təşkil etdiyi festival konsertinin proqramı sadəcə zövqlərimizi oxşamadı. Prezidentin çıxışı və möhtəşəm “Bayatı-Şiraz” muğamı ilə açılan “Xarı bülbül” festivalı Nikol Paşinyan-Anna Akopyan kimi miskin və uğursuz cütlüyün idarə etdiyi işğalçı ölkəyə Azərbaycanın ən layiqli cavabı oldu. Eləcə də Şuşanın ən gözəgəlimli yerində rəmzi əhəmiyyət daşıyan məscidin Prezident tərəfindən təməlinin qoyulması da işğal dönəmində Qarabağın müxtəlif guşələrində 63 məscidimizi dağıtmış erməni vandallarına və onları himayə edən Fransa, Kanada kimi islamofob ölkələrə cavab xarakteri daşıyır. Bu məscid həm də Şuşamızın milli-mənəvi koloritini daha da zənginləşdirəcək və bu şəhərin müsəlman dünyasının mədəni mərkəzlərindən birinə çevrilməsinə bir növ körpü olacaq.
Bütün Türk-İslam dünyasının mədəniyyət paytaxtı statusunu daşımaq imkanlarına malik olan Şuşanın parlaq gələcəyinin təməli məhz bizim günlərdə cənab Prezident tərəfindən qoyulur. Şuşa özündə bütün Qarabağımızın müsbət aurasını, kosmoenerjisini birləşdirir. Bu şəhərin tam fərqli aurası var. Bunu cənab Prezident Şuşada jurnalistlərlə söhbətində qeyd etdi. Şuşa bütün Qarabağın lokomotivi rolunu oynayır. Şuşa dirçəlirsə, bu bütün Qarabağın dirçəlişi deməkdir. Şuşanın bərpası və yenidənqurulmasının Ermənistanın hakimiyyət və müxalifət dairələrini, revanşist qüvvələrini qıcıqlandırması da məhz bundan irəli gəlir. Düşmən Şuşanın işğaldan azad edilməsi faktı ilə heç cürə barışa bilmir. Lakin Ali Baş Komandanımız Hadrutu, Şuşanı yenidən ələ keçirmək çağırışları ilə çıxış edən düşmən ölkənin revanşist qüvvələrinə növbəti dəfə qəti xəbərdarlığını etdi, “Dəmir yumruğ”umuzun yerində olduğunu bildirdi.
Bundan sonra Şuşada yalnız yeni nəfəs, yeni həyat, sülh, və əmin-amanlıq hökm sürəcək. Mədəniyyət paytaxtımızda yerli və beynəlxalq miqyaslı bayramlar, festivallar, mədəniyyət tədbirləri keçiriləcək. Cıdır düzünə bir daha heç vaxt işğalçıların ayağı dəyməyəcək. Prezident də festivaldakı çıxışında dedi ki, “Cıdır düzündə - hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik”. Bu sözlər sıradan bir söz deyil. Bu sözlər Şuşanın hansı ölkəyə, hansı xalqa mənsubluğunu təsdiqləyən sözlərdir. Ermənistanda olan bəzi siyasi qüvvələrin seçkiqabağı dönəmdə Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərini yenidən işğal etməyin mümkünlüyü barədə bəyanatlarla çıxış etməsi ilk növbədə Ermənistanın özü üçün təhlükəlidir. Erməni siyasətçilərində ağıl varsa, Şuşada “Xarıbülbül” festivalının keçirilməsini və bayram namazının qılınmasını tarixi ədalətin qalib gəlməsi kimi qiymətləndirməlidirlər. Bütün işğalların sonu işğalçıların məğlubiyyəti ilə bitir. Erməni xalqı və erməni siyasətçiləri bundan ciddi nəticə çıxarmalıdır.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri