Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Seçki öncəsi Paşinyana müxalif olan qüvvələrin "böyük uğuru"



Newscenter.az.17.05.2021. 20 iyun erkən parlament seçkilərinə hazırlaşan Ermənistanda quvvələr nisbətində müəyyən dəyişikliklər baş verməkdədir. Həm Paşinyan hakimiyyəti, həm də ona müxalif olan Qarabağ klanı qarşılıqlı amansız mübarizə aparırlar. Ölkə ictimaiyyətində heç bir dəstəyi olmayan siyasi meyitlərdən ibarət “Qarabağ klanı” üç yöndə dəstək axtarmaqdadır. Köləsi olduqları Moskva istiqamətində, dünyaya səpələnmiş Erməni təşkilatları arasında və ölkə daxilində siyasi bloklar yaratmaqla.

Bütün bunlara baxmayaraq zaman daraldıqca Paşinyanın müharibədəki məğlubiyyətindən (əslində bu məğlubiyyətin böyük payı onlara aiddir) və ondan sonra baş verən proseslərdən də yararlanmaq istəyirlər. Xüsusilə də 10 noyabr Bəyanatına dair Ermənistan tərəfinin öhdəliklərindən istifadə etməklə cəmiyyətdəki narazılığı artırmaq və az da olsa insanların dəstəyini qazanmağa çalışırlar. Qaragöl ətrafı ərazilərdə baş verənlər və olayların tam fərqli şəkildə ictimaiyyətə sızdırılması cəhdi də bu məqsədə xidmət edirdi.

Qaragöl olayları Ermənistan cəmiyyətində çox böyük də olmasa müəyyən çaşqınlıq yarada bildi. Xüsusilə də, Azərbaycan və Ermənistan sərhədləri boyunca yerləşən ermənilər baş verənlərdən sonra Paşinyana qarşı mövqe tutmağa daha meyllidirlər. Çünki, istənilən an Bəyanatın tələblərinə uyğun demarkasiya və delimitasiya prosesi onlara aid əraziləri də əhatə edəcəyindən narahatdırlar. Müxalif və Paşinyanı gözdən salmaq istəyən quvvələr heç bir əsas olmadan sanki fərqli bir variantın ola biləcəyitək davaranmaqla bu narahatlığı daha da artırmağa cəhd edirlər.

Bununla paralel ölkədə iqtidara qarşı siyasi blokların artması prosesi imitasiyası yaratmaq istəyi də sezilməkdədir. Eyni məqsədə və eyni marağa xidmət edən şəxslərin ayrı-ayrı siyasi bloklar yaratmaq şousunu göstərməsi, narazı siyasi quvvələri süni şəkildə böyütməkdən başqa bir şey deyil. Qarabağ klanına aid olan cinayətkar qruplaşmaya bağlı şəxslərin fərqli siyasi bloklara rəhbərliyi bundan xəbər verir. Növbədənkənar parlament seçkilərini elan etməzdən əvvəl onların dövlətdəki əsas ciddi dəstəyi olan hərbi isteblişmenti vəzifədən kənarlaşdıran Paşinyan onlara ən ağır zərbəni vurmuşdu.
Rəsmi məlumat olmasa da, Azərbaycana aid Qaragöl ətrafında baş verən mübahisənin də həllini tapdığı barədə məlumatlar var. Belə ki, əldə edilən razılaşmaya əsasən:

1) Azərbaycan Qaragöl istiqamətində irəlilədiyi 3,5 kilometr məsafədən 1,5 kilometrə qədər geri çəkilir;
2) 1,5 kilometr əraziyə sərhəd xətti və neytral bölgə də daxil ediləcək, bu ərazi boyunca Azərbaycan və Ermənistan hər biri 4 post quracaq;
3) Postlarda ağır zirehli texnika olmayacaq, sərhəddə yalnız yüngül silahlarla təchiz olunmuş nizami ordu dayanacaq.

Görünən odur ki, Paşinyanın əleyhdarlarının son cəhdləri də tam uğurlu alınmasa belə, ölkə daxilində seçki öncəsi siyasi gərginlik özünün pik həddindədir. İstənilən məqamda ciddi vətəndaş qarşıdurmasının baş verməsi halı da istisna deyil. Sadəcə hazırda cinayətkar klanın ciddi qarşıdurmanı yarada biləcək qədər dəstəyi yoxdur. Ancaq hər bir halda xarici müdaxilənin baş verəcəyi təqdirdə bu dəstəyə nail ola biləcəkləri də mümkündür.

Xəyal Bəşirov
"Siyasi və hüquqi strateji araşdırmalar mərkəzi"nin rəhbəri
Xəbəri paylaş