Newscenter.az.18.05.2021. Son dövrlər Türkiyə bölgədə nüfuzunu artırmaq istiqamətində bir çox ciddi addımlar atmaqdadır. Türkiyə-Misir və Türkiyə-Səudiyyə Ərəbistanı arasında münasibətlərin yenidən bərpa edilməsi və inkişaf etdirilməsi istiqamətində qarşılıqlı addımların atılması regionda yeni siyasi reallığın yaranmasından xəbər verir. Türkiyənin istər Şimali Afrikada, istər Yaxın Şərqdə, istər Cənubi Qafqazda, istərsə də Mərkəzi Asiya və Balkanlarda artan nüfuzunun əsas metodlarından biri də YUMŞAQ GÜC siyasətidir.
ABŞ-da Co Baydenin hakimiyyətə gəlişi və ABŞ-ın sözügedən dövlətlərə münasibətlərini dəyişməsi vəziyyəti Türkiyənin xeyrinə dəyişən digər amillərdəndir.
Səudiyyə Ərəbistanı və Misir ilə Türkiyənin yaxınlaşmasına da bu konteksdən yanaşmaq mümkündür.
Təbii ki, bölgədə Türkiyə-Misir və Türkiyə-Səudiyyə Ərəbistanı arasında münasibətlərin yenidən normallaşdırılması istiqamətində atılan addımlar bəzi dövlətlər tərəfində qısqanclıqla qarşılanır və mümkün qədər bu prosesə mane olmağa çalışırlar. Bu məsələdə həm İran, həm İsrail, həm də regionxarici oyunçuların səyləri artmaqdadır.
Hesab edirəm ki, son günlər İsrail-Fələstin arasında baş verən məsələr də bu qəbildəndir. İran üçün Türkiyənin bölgədə nüfuzunun artması təsir dairəsinin itrilməsi deməkdir. İran mümkün qədər bölgədə Türkiyənin başını qatmaq və Türkiyəni regiondan kənarlaşdırmaq niyyətindədir.
İsrail üçün Türkiyə önəmli ölkə olsa da, amma regionda onun nüfuzunun artmasını istəmir. Məhz buna görədir ki, əlatdan PKK-ya dəstək verməsi və Şimali Kürdüstana bəzi jestlər etməsi, Yunanıstan ilə yaxınlaşması bunun açıq şübutu ola bilər.
Rusiya və ABŞ bir-birinə qarşı rəqib olsalar da, Türkiyəyə qarşı münasibətdə oxşar siyasət sərgiləyirlər. Yəni Türkiyənin sözügedən regionlarda nüfuz dairəsini genişləndirsi onlar üçün arzuolunmaz hal kimi qəbul edilir.
Ətrafında baş verən proseslərə baxmayaraq Türkiyənin 2023 hədəfinə doğru inamla addımlaması bölgədə baş verən hər hansısa xoşagəlməz hallarla dayandırıla bilməz. Hadisələrin gedişatından belə nətiyə gəlmək olar ki, Misir və Səudiyyə Ərəbistanından sonra digər Ərəb ölkələri də Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışacaq.
Samir Hümbətov-siyasi şərhçi