Newscenter.az.18.05.2021. "Azərbaycan xalqı ötən 29 il ərzində hər il 18 may tarixini Laçın rayonunun işğalı günü kimi qeyd edərdi. Lakin bu il tam fərqlidir. Artıq Laçın bu gün azaddır və 18 may tarixini Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi keçirir. Bu gün artıq biz Laçınla bağlı xatirələrimizi deyil, işğaldan azad olunmuş rayonun perspektiv inkişaf planlarından danışırıq".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva səsləndirib. Millət vəkili qeyd edib ki, 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq imzalanmış 10 noyabr Bəyanatına uyğun olaraq, dekabrın 1-də Laçın rayonu erməni işğalından azad edilib:
"2020-ci ildə Şuşa şəhərinin azad edilməsinin ardınca noyabrın 9-da Azərbaycan Ordusu Laçının Güləbird, Səfiyan, Türklər kəndlərini də işğalçılardan təmizləmişdi. Müzəffər Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad olunmasından sonra Ermənistan kapitulyasiya elan etdi. Beləliklə də, noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Laçını da Ağdam və Kəlbəcər rayonları kimi Azərbaycana təhvil verməli oldu. Beləliklə də, Laçının azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması prosesi başa çatdı".
Deputat bildirib ki, 1992-ci ildə AXC-Müsavat mənfur cütlüyünün Bakıda vəzifə davasında iştirak etdiyi dövrdə ön cəbhə müdafiəsiz qalmışdı:
"Məhz bu hərc-mərcliyin, özbaşınalığın, anarxiyanın nəticəsində erməni quldurları Azərbaycanın son dərəcə strateji əhəmiyyətli Şuşa və Laçın rayonlarını işğal etməyə nail oldular. Buna görə də, Şuşanın təhvil verilməsi, Laçının müdafiəsinin lazımi səviyyədə təşkil edilməməsi bilavasitə AXC-Müsavat cütlüyünün, o vaxt həmin partiyaların rəhbərliyinin və onların üzvlərinin cinayəti idi. Xain AXC-Müsavat cütlüyü 1992-ci ildə Şuşanın və Laçının işğalından sonra hakimiyyətə gəldiyi də faktdır. Elə bu səbəbdən də Şuşanın və Laçının işğal olunması AXC-Müsavat cütlüyünün gənc müstəqil Azərbaycan dövlətinə qarşı etdiyi satqınlıq, xəyanət və cinayət idi".
Sədaqət Vəliyevanın sözlərinə görə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin praqmatik və rasional siyasəti nəticəsində Laçının bir şəhid vermədən qaytarılması, rayonun işğaldan azad olunması tarixi hadisədir:
"Laçın rayonu Ağdam və Kəlbəcər kimi bir güllə atmadan, bir şəhid vermədən işğalçılardan təmizləndi, azad olundu. Azərbaycan hökuməti qarşısında duran mühüm vəzifələrdən biri bundan sonra qayıdışı təmin etməkdir. Artıq bu istiqamətdə işlər başlanılıb, azad olunmuş ərazilərdə bərpa, tikinti işləri görülməkdədir. Heç şübhə yoxdur ki, qısa zamanda azad olunmuş rayonların sakinləri doğma yurd-yuvalarına qayıdacaqlar".
Ruhiyyə