Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası səriştəlilik sınağında uğurlu nəticə əldə edib



Newscenter.az.19.05.2021. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, eləcə də modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Newscenter.az xəbər verir ki, AQTİ nəzdində fəaliyyət göstərən laboratoriyalar mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb edilir, aparılan sınaq nəticələrinin etibarlılığının təmin olunması, həmçinin işçi heyətin səriştəliliyinin artırılması məqsədilə beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirak edir. 2021-ci il aprelin 20-də Mərkəzi Baytarlıq Laboratoriyası İngiltərənin “Vetqas” şirkəti tərəfindən “Xırdabuynuzlu heyvanların kataral isitməsi” (Bluetongue disease) üzrə təşkil etdiyi proqramda beynəlxalq laboratoriyalararası səriştəlilik sınağına cəlb olunub. Xarici laboratoriyaların da iştirak etdiyi səriştəlilik sınağında AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası uğurlu nəticə əldə edib.

Qeyd edək ki, bu günədək sınaq laboratoriyası xarici laboratoriyaların qatıldığı müxtəlif xəstəliklər üzrə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və İngiltərənin “Vetqas” şirkəti tərəfindən təşkil edilmiş beynəlxalq “Laboratoriyalararası müqayisə” sınaqlarında (“Proficiency Tests”) iştirak edərək uğurlu nəticə göstərən laboratoriyalar sırasında yer alıb.

Orxan
Xəbəri paylaş