Newscenter.az.21.05.2021. Xeyli vaxt idi ki, haqqında yazmaq istəyirdim. Bəlkə jurnalist olmamağım, tez-tez görüşərkən ürək sözlərimi özünə deməyim məni bu fikirdən daşındırırdı. Ancaq o, artıq 70 yaşını yola salır və bu məni istəyimi reallaşdırmağa sövq etdi.
İlk tanışlığımızdan başlamaq yerinə düşər. Sanki dünənmiş kimi xatırlayıram.
Tibb Universitetini bitirib təyinatla doğma şəhərim Yevlaxa dönmüşdüm, Təcili tibbi yardım stansiyasında ilk iş günüm idi. Adəti üzrə növbəti çağırışa gedən əsnada baş həkim məni çağırıb dedi: «Əminə xanım Yusifqızı üçün gedirsən, rayonda böyük nüfuzu olan adamdır, bax, diqqətli ol ha».
Həyəcanlandım. Haqqında eşitdiyim, hamının prinsipial, obyektiv bir jurnalist kimi tanıdığı Əminə xanımı görəcəkdim.
Çağırışına gəldiyim xəstə sadəliyi, mehribanlığı ilə məni heyran elədi. Ağrılarını da özünəxas baməzəliklə söylədi. Səmimi ortam mənə, gənc həkimə düzgün ilkin yardım etməyə kömək oldu. Elə o gündən də bizim dostluğumuzun əsası qoyuldu. Zamanla isə bu münasibət doğmalıq səviyyəsinədək yüksəldi.
İstedad və zəhmət birləşəndə insan çox namümkünləri mümkün etmək gücündə olur. İstedad və zəhmət olanda insan şəxsiyyət kimi parlaya bilir,hansı mühitdə yaşamasından asılı olmayaraq. Əminə xanım öz həyatı ilə buna gözəl örnəkdir.
Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsindən məzun olduqdan sonra paytaxt Bakıda qalmaq, işləmək imkanlarının olmasına rəğmən o,rayona qayıdıb və 45 ildir ki, bir əyalət qəzetində çalışır. 30 ildir ki, «Kür»ün baş redaktorudur. Korrektorluqdan baş redaktorluğa qədər yol gəlib. Həm də öz peşəsini sevərək, ona dəyər verərək, sanballı yazılara müəlliflik edə-edə.
Orta nəsil yevlaxlılar yaxşı xatırlayarlar, onun yerli qəzetdə gedən kəskin felyetonlarını. Rayon həyatının elə bir sahəsi olmazdı ki, orada mövcud olan nöqsan və çatışmazlıqlar, qanunazidd hallar Əminə xanımın tənqid hədəfi olmasın. Yazılar həm də ona görə oxunaqlı olardı ki, şirin bir dillə qələmə alınardı.
Yevlaxda əməyi, işi ilə fərqlənənlər barələrində qəzetdə dərc olunan məqalənin müəllifi Əminə Yusifqızı olanda daha çox məmnun qalırdı. Əminə Yusifqızının Yevlaxın ictimai-siyasi həyatındakı rolu haqqında ən gözəl fikirlər söyləmək olar.
Yeni Azərbaycan Partiyası yarandığı ilk günlərdən onun üzvü olan Əminə xanım keçirilən seçki və referendumların qəzet vasitəsilə təbliği işini yüksək səviyyədə keçirməklə qalmayıb, YAP Yevlax Rayon Təşkilatının idarə heyyətinin üzvü kimi bütün tədbirlərdə ziyalı mövqeyi ilə yer alıb. Şahidiyəm yerlərdə görüş zamanı insanların ona sevgisinin, rəğbətinin.
Tale elə gətirib ki, dörd çağırış parlament seçkilərində həmyerlilərimin səsi olmaq səlahiyyəti qazanmışam. Bütün seçkilərdə vəkillərimdən biri olub Əminə xanım. Onun təşkil etdiyi seçiçi görüşləri həmişə fərqlənirdi. Həmin görüşlərə insanlar axın-axın gəlirdi. Çünki illərə dayanan dostluğumuz bizi bir-birimizə çox yaxşı tanıtmışdı və insanlar tanıdıqları, inandıqları Əminə xanımın təqdimatına, mənimlə bağlı söylədiklərinə inanırdı. Həmişə mənə deyirdi: seçicilər sənə çox inanırlar. Ona görə də mən də ürəklə qoşuluram bu siyasi işə. Və qalib olacağına zərrə qədər də şübhəm yoxdur. Seçkilərdən sonra isə o, seçicilərimin problem və qayğılarının həlli ilə bağlı müraciətlərdə də yer alır və dostluğumuza rəğmən yaxşı nəticə əldə edilənədək çox tələbkar olur. Bu da onun xalq adamı olmasından irəli gəlir. Həmişə də şəxsi söhbətlərimizdə bəzən hədsiz sərtliyini belə əsaslandırır: ”Xalqı narazı salmaq olmaz. Xalqa xidmətin bir Prezident İlham Əliyev nümunəsi var”.
...44 günlük Vətən Müharibəsi. Azərbaycanın Zəfər tarixinin yazıldığı savaş. Fəxr və qürur, eyni zamanda minnətdarlıq hissilə bildirirəm ki, bu savaşda yevlaxlı gənclər də ləyaqətlə döyüşdülər və təəssüf ki, şəhidlərimiz də oldu. 44 gününün həyəcan və narahatlıqlığını yevlaxlılar da yaşadılar. Şəhidlərin dəfni izdihamlı oldu.
Mən bu gün də davam edən şəhid ailələrinə ziyarətlərimizi xatırlayıram. Çox zaman bir yerdə gedirik. Əminə xanım şəhid analarına, xanımlarına, bacılarına təkcə təsəlli sözləri söyləməklə qalmırdı, onun şəhid məzarları başında necə göz yaşları tökdüyünün şahidiyəm. Daha təqdirəlayiqi isə o idi ki, yorulmaq bilmədən şəhəri küçə-küçə, rayonu kəndbəkənd gəzib ən qısa vaxtda şəhidlərin hər birinin həyat hekayəsini ustalıqla qələmə almışdır. Həm də həmin yazıları öz qəzeti daxil, müxtəlif mətbu orqanlarda dərc etdirməklə qalmırdı.
Onun övladlığı haqqında da xoş sözlər demək olar. Anası, II Düyna müharibəsinin veteranı, Azərbaycanda yaxşı tanınan, rəhmətə gedənədək 2 nömrəli tam orta məktəbdə direktor müavini işləyən, mənim də müəllimim olan Nazxanım Səfərova kimi bir anadan örnək götürüb Əminə xanım. İndi də əhvalı bir balaca pozulanda rahatlığı anasının qəbri başında, onunla «söhbət»də tapır.
Analığı da gözəldir. İki övladı da ali təhsilli mütəxəssisdirlər. Nəvələrini sevən nənədir.
Əminə Yusif qızı Əhmədova əməkdar jurnalistdir. «Tərəqqi»medallının daşıyıcısıdır. «Qızıl qələm», «Həsən bəy Zərdabi», «Məhsəti» mükafatlarına layiq görülüb, çoxlu sayda jurnalist yazıları müsabiqələrinin qalibi olub, diplom və pul mükafatı qazanıb. Ali Media mükafatçısı, beynəlxalq jurnalistdir. Bu gün də çətinliklərə baxmayaraq «Kür» qəzetinin azalmış kollektivi ilə əl-ələ çalışır, həm də gənclik həvəsi ilə. Özü də etiraf edir ki, jurnalistika onun həyatımdır.
...Ömrü yaradıcılıqla keçən insanlar haqqında yazmaq olduqca çətindir. Onlar söz sərrafıdırlar. Məqamında deyilməyən və səmimi olmayan fikirləri tez tanıyır və qəbul etmirlər. Mənsə Vətən, dövlət təəsübkeşli, qəlbi xalqa sevgi dolu xanım-Əminə Yusifqızı haqqında pafossuz, bər-bəzəksiz, səmimi söz açmağa çalışdım. Yubileyin mübarək, dostum!
İlham MƏMMƏDOV,
Milli Məclisin deputatı, YAP Yevlax Rayon Təşkilatının sədri