Newscenter.az.8.06.2021. Böyük dövlətlər həmsədrlik institunun yenidən canlandırmağa çalışırlar. Fransa və ABŞ müharibə və ondan sonrakı dövrdə oyundankənar vəziyyətqə qaldıqlarından həmsədrlik institununun yenidən fəallaşdırılmasına çalışırlar. Vaşinqton və Paris bu məqsədlə Moskva və Ankara ilə təmaslar və telefon danışıqları həyata keçirirlər. Çünki, Vaşinqton və Paris də görür ki, Cənubi Qafqazda real iki oyunçu var – Rusiya və Türkiyə. Ona görə Paris və Vaşinqton bu iki ölkəni yola gətirməyə çalışır.
Rusiya ilə Türkiyənin ABŞ və Fransa ilə münasibətləri onsuz da hamar deyil, anlazmazlıqların sayı çoxdur. Ona görə də Moskva və Ankara ABŞ və Fransanın yenidən Cənubi Qafqaza qayıdışına birmənalı “yox” demir ki, yerdə qalan körpüləri də yandırmasınlar. Ancaq həm Moskva, həm də Ankara üçün Cənubi Qafqazda qırmızı çizgilər var, yəni ABŞ və Fransanın fəallığı Rusiya və Türkiyənin bölgədəki maraqlarına zidd olmamalıdır. Əgər ABŞ və Fransa bunu qəbul edəcəklərsə onların yenidən həmsədrlər kimi fəallaşmasına “yaşıl işıq” yandırılacaq. Ancaq ABŞ və Fransanın Rusiya və Türkiyənin nəzarəti altında olacaqlarını söyləmək çətindir.
Azərbaycanın mövqeyinə gəldikdə, ermənipərəst Fransa ilə ABŞ-ın yenidən bizə “dərs” keçməyə çalışmasını qəbul etməməliyik. Azərbaycan cəmiyyəti həmsədrlərin yenidən fəaliyyətə başlamasını istəmir. Çünki həmsədrlərin müharibədən sonra yeganə mövzusu “Qarabağın statusu” ola bilər ki, bu bizim maraqlara uyğun deyil. Buna baxmayaraq, həmsədrlik institutundan imtina etməyimizin çətinlikləri də var. Böyük dövlətlərin, o cümlədən beynəlxalq təşkilatların Azərbaycana təzyiqi arta bilər. İkinci tərəfdən Ermənistan həmsədrlik institutundan imtinamızdan informasiya savaşında bizə qarşı istifadə edəcək. Həmsədrlik institundan imtina etmədən də onların fəaliyyətinə və səfərlərinə əhəmiyyət verməmək olar.
Elxan Şahinoğlu-politoloq