Newscenter.az.16.06.2021. 44 günlük müharibədəki parlaq Qələbəmiz həyatımızı dəyişdiyi kimi ictimai-siyasi reallıqlarımızı da kökündən dəyişib. Biz Vətən müharibəsindən sonra tez-tez ən müxtəlif tarixi hadisələrə şahidlik edirik. Dünən də növbəti böyük tarixi hadisəyə şahidlik etdik. Qardaş ölkəmizin – Türkiyənin dövlət başçısı dünən ilk dəfə Qarabağa səfər etdi və işğaldan azad edilmiş Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı qəbul etdi, Anadolu türkləri demişkən, ağırladı. Rəsmi təntənəli qəbuldan sonra Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı və hər iki dövlət başçısı bu tarixi sənədi qardaş ölkələr arasında münasibətlərin yeni mərhələsi üçün “yol xəritəsi” kimi qiymətləndirdi.
Şuşadan dünyaya və düşmənlərimizə mesajları özündə əks etdirən bu mühüm Bəyannamədə Türkiyə-Azərbaycan ilişgilərinin əhatə etdiyi bütün sahələr ehtiva olunub, diqqət mərkəzində saxlanılıb. Ən vacib məqam isə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə müdafiə addımlarının atılmasıdır. Beləliklə, Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə hərbi-siyasi müttəfiqliyi geniş anlamda rəsmiləşdirildi və hüquqi-siyasi məzmun qazandı. Bu mənada Şuşa Bəyannaməsini tarixi Qars müqaviləsinin (1921-ci il) davamı və yaxud, məntiqi yekunu da hesab etmək olar. Bunu cənab Prezidentimiz də öz çıxışında qeyd etdi. Bundan sonra hər iki qardaş ölkə bir-birinin təhlükəsizliyinə açıq dəstək verəcək.
Şuşa Bəyannaməsini təkcə Azərbaycan və Türkiyə üçün əhəmiyyət kəsb edən sənəd kimi qiymətləndirmək olmaz. Bu anlaşmanın bölgəmiz və eləcə də bütün Türk dünyası də üçün olduqca böyük tarixi əhəmiyyəti var. Belə ki, rəsmi Bakı və Ankaranın dünyaya verdiyi əsas mesajlardan biri də 44 günlük müharibədən sonra bölgədə yaranan yeni əməkdaşlıq imkanlarından yararlanmaq çağırışı oldu. Bu çağırışın İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən ilk dəfə hələ keçən ilin dekabrın 10-da Zəfər Paradının tribunasından səsləndirildiyini hamımız yaxşı xatırlayırıq. Dünən isə Şuşadan verilən mesajlar bir daha onu göstərdi ki, hər iki ölkə bundan sonra da bütün imkanlarını Cənubi Qafqazı sülh regionuna çevirmək istiqamətinə yönəldib. Azərbaycan və Türkiyə bütün region dövlətlərini “Altılıq platforması” çərçivəsində bu əməkdaşlıq prosesində görmək istəyir. Bununsa yolu ilk növbədə Zəngəzur dəhlizinin və yaxud İlham Əliyevin də qeyd etdiyi kimi Zəngəzur yolunun açılmasından keçir.
Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin açılmasının həm iki qardaş ölkə arasında, həm də region ölkələri arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini hesab edir. Bu, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndə də öz əksini tapıb. Eyni zamanda, sözügedən dəhlizin açılması Çindən və Orta Asiyanın türkdilli respublikalarından tutmuş Avropa Birliyi ölkələrinə qədər, nəhəng bir coğrafiyanın bütün subyektləri üçün yeni iqtisadi və logistik imkanlar açacaq. Eləcə də Ermənistanı idarə edən və ya idarə etmək istəyən qüvvələrin ağlı varsa, konstruktiv mövqe tutmalı, revanşist şüarlardan əl çəkib sülh və əməkdaşlıq müstəvisinə keçməli, Ermənistanın da bu yeni imkanlardan yararlanmasına şərait yaratmalıdırlar. Əks təqdirdə, itirən yalnız Ermənistan olacaq.
Şuşa Bəyannaməsinin imzalanması həm də ona görə son 30 ilin ən mühüm tarixi hadisələrindən biridir ki, bu sənədi imzalayan qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin qısa vaxtda Şuşada Baş konsulluğunu açılacağını bəyan etdi. Bu da öz-özlüyündə ölduqca mühüm məsələdir. Çünki Şuşada Türkiyənin Baş Konsulluğunun açılması Türkiyənin bölgədə mövqeyinin daha da möhkəmlənməsi və gücünün daha da artması deməkdir. Bu, isə heç şübhəsiz ki, Azərbaycanın da maraqlarına uyğundur. Bu bizim gücümüzə əlavə güc qatacaq. Hörmətli Ərdoğanın da qeyd etdiyi kimi, Azərbaycanın gücü Türkiyənin gücü, Türkiyənin gücü isə Azərbaycanın gücüdür. Qardaş ölkə eyni zamanda işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa işlərinə və məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasına töhfə verməyə hazır olduğunu da bir daha nümayiş etdirdi. Bir sözlə, bu sənədin imzalanması Türkiyə-Azərbaycan qardaşlığının əbədi və sarsılmaz olduğunu bir daha bütün dostlarımıza da, düşmənlərimizə də bəyan etdi. Eləcə də, Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin strateji müttəfiqliyinin dərinləşdirilməsi üçün yeni səhifə açdı.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri