Newscenter.az.18.06.2021. Otuz illik bir işğal dövründən sonra Azərbaycanın qazanmış olduğu zəfərlə Qarabağa və ümumən Qafqaza sülh və əminamanlıq gəldi. Bu zəfərin Azərbaycan,Qafqaz və hətta bütün dünya üçün nə qədər önəmli və əhəmiyyətli olması isə zaman keçdikcə özünü daha çox isbatlayacaqdır.Çünki qazanılmış olan bu haqq davası təkcə Azərbaycanın deyil,Qafqazın da gələcək inkişafı üçün böyük zəmin yaradır.
Rusiya,Türkiyə,Azərbaycan,İran,Ermənistan və Gürcüstanı birləşdirən platformanın yaradılması regionda sülhün və inkişafın təminatçısı rolunu oynayacaqdır. Davamlı sülhə gedən yol regionda olan ölkələrin,xalqların bu sülhə etimadından asılıdır. İnkişafın artırılmasında,mədəni və iqtisadi əlaqələrin yüksəldilməsində bütün xalqlar eyni dərəcədə maraqlı olmalıdırlar. Bütün sahələrdə qarşılıqlı əlaqələrin yaradılması və qorunub saxlanılması buna nümunədir.
Bu əlaqələrin daha da genişlənməsində,nəinki Azərbaycanın,bütün regionun inkişafında yeni mərhələyə qapı açan əsas amillərdən biri də Naxçıvanla Bakını birlışdirən Zəngəzur dəhlizinin açılmasıdır. Bu dəhlizin açılmasının bizim üçün önəmi çox böyük olduğu kimi Ermənistan üçün də çox böyük əhəmiyyətə malikdir. Bu dəhliz vasitəsilə ermənilər rahat şəkildə Moskvaya və digər şəhərlərə birbaşa gedə biləcək,özlərini saldıqları blokadadan çıxa biləcəklər. Görünən odur ki, Azərbaycanın əldə etdiyi bu qələbədən ermənilər belə faydalana biləcəklər. Zəngəzur dəhlizinin açılması,regionda,xüsusən Azərbaycan-Ermənistan münasibətlərinin nizama salınmasında erməni tərəfi daha çox maraqlı olmalıdır. Çünki bu onların inkişafı və iqtisadi blokadadan çıxmaları üçün yeganə çıxış yoludur. Türkiyə ilə də Ermənistan sərhədlərinin açılmasının Ermənistan üçün nə qədər faydalı olacağı isə bəllidir.
Qazanılmış bu qələbə ən çox otuz il öz dədə-baba yurdlarından ayrı düşən,illərlə vətən həsrəti çəkən,öz doğmalarını,hətta bütün ailəsini itirən,canı yanan,sayları bir milyondan çox olan məcburi köçkünlərə sevinc gətirdi. İllərlə öz qədim torpaqlarından ayrı düşən bir xalq Ali baş komandanının ətrafında dəmir yumruq kimi birləşərək düşmənin başını əzdi. Azərbaycan xalqı bütün qüvvəsi ilə Qarabağda şanlı tarix yazan,qanı ilə,canı ilə,vətən uğrunda gözünü qırpmadan canını fəda edən Azərbaycan Silahlı Qüvvələrinin yanında oldu. Bu qələbə bizim birliyimizi daha da möhkəmləndirən bir qələbə oldu.
Bu müqəddəs vətən müharibəsində dost-qardaş ölkələr yanımızda oldu,öz dəstəklərini əsirgəmədilər. Türkiyə isə hər zamankı kimi ən böyük dəstəyi verən ölkə idi. Necəki Balkan savaşında himnimizin müəllifi olan görkəmli ədib Əhməd Cavad öz qardaşları ilə eyni cəbhədə vuruşmuşdu,necə ki Çanaqqala savaşında azərbaycanlı igidlər öz qardaşlarıyla birlikdə şəhadətə ucalaraq vətəni müdafiə etmişdilər,necə ki Nuru Paşa,o böyük sərkərdə zamanında bu vətəni xilas etmişdi,indi də,gələcəkdə də bu iki xalq bir-birinin yanında olacaq,bir-birini müdafiə edəcək.Bu qardaşlıq əbədidir,dönməzdir.
Həm Vətən müharibəsinin gedişində,həm də işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında Türkiyə öz dəstəyini əsirgəmir. Zəfərdən sonra dövlətimizin qarşısında duran əsas məqsədlərdən biri də erməni vandalizminə məruz qalan,dağıdılaraq talan edilən ərazilərimizin yenidən qurulmasıdır. Məktəb binalarının,xəstəxanaların tikilməsi,yolların çəkilməsi,infrastukturun yenidən qurulması istiqamətində çox böyük işlər görülməkdədir. Bütün bu inkişaf prosesində Türkiyə də yaxından iştirak edir.
Zaman-zaman tarixi öz əlində “məngənə” kimi istifadə etmək istəyən siyasətçilər qondarma erməni soyqrımı iddiasını qaldırmaqla türkləri bu iddia ilə günahlandırırlar. Bu isə əlbəttə sadəcə bir nağıldır,isbat oluna bilmyəcək bir nağıl. Əgər dünya həqiqi soyqrım görmək istəyirsə Nuru Paşanın Azərbaycana gəldiyi zamana nəzər salsa görər ki,həmin dövrdə ermənilər 12 mindən çox türk-müsəlmanı qətlə yetirmiş, Azərbaycanın müxtəlif bölgələrində irimiqyaslı qırğınlar törətmişlər. Heç yüz il öncəyə deyil, ötən əsrin 90-cı illərində Xocalıda törədilmiş soyqrıma nəzər saldıqda ermənilərin necə barbar ,vandal olduqlarını aydın görmək olar. Həqiqətləri bilmək istəyənlər işğaldan azad olunmuş ərazilərə gəlib baxsalar ,bunu aydın şəkildə görə biləcəklər. Ötən əsrin 90-cı illərində öz yurdlarından didərgin salınan azərbaycanlılar evlərini yandırmadan,yaşadıqları yerə heç bir zərər vurmadan yurdlarını tərk etmişdilər. Ermənilər isə kapitulyasiya aktı imzalandıqdan sonra Kəlbəcər rayonundan çıxmaqları üçün verilmiş əlavə on gün ərzində maksimum ziyanı vurmaq üçün əllərindən gələni etdilər. Ortada olan mədəniyyət fərqini görmək o qədər də çətin deyil.
Mədəniyyətimizin beşiyi olan Şuşa şəhəri də Zəfər savaşından sonra öz həqiqi sahiblərinə qovuşmuş oldu. Şuşa şəhəri Qarabağ xanı Pənahəli xanın dövründən başlayaraq bir mədəniyyət incisi olaraq formalaşmışdır. Şuşa Molla Pənah Vaqifin,Üzeyir Hacibəylinin,Bülbülün,Xurşidbanu Natavanın,Rəşid Behbudovun və daha neçə-neçə sənətkarın,ədibin doğulduğu,yetişdiyi bir şəhərdir. Qayaların üzərində yerləşən bu inci Azərbaycan tarixinə ədiblər,şairlər,incəsənət xadimləri yetirmişdir.Əhməd bəy Ağaoğlu kimi təkcə Azərbaycanda deyil,Türkiyə və türk fikirləri ilə söz sahibi olmuş ədiblərin məskənidir Şuşa.Bu gün Şuşa yeni eraya qədəm qoymuşdur. Qələbədən sonra Şuşa yenidən bərpa edilir,ona yeni nəfəs verilir. Şuşa şəhəri əvvəllər də olduğu kimi yenidən mədəniyyətimizin mərkəzinə çevrilir,orada artıq festivallar keçirilməyə başlamışdır. Çünki Şuşa artıq azaddır və biz onu dirçəldəcəyik!
Eıdəniz Səlimov-Milli Məclisin deputatı