Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ruslan Quliyev: "Daxili turizm yavaş-yavaş böyüyən bazar halına gəlməlidir"



Newscenter.az.21.06.2021. Bir neçə ildir ki, koronavirus pandemiyası səbəbindən böhran vəziyyətinə düşən turizmdə yavaş-yavaş canlanma müşahidə edilir. Ölkədə tətbiq edilən karantin qaydalarının yumşaldılması, bir neçə ölkə ilə hava əlaqələrinin açılması. daxildə regionlara avtobus gedişlərinin bərpası Azərbaycan turizmində az da olsa canlanma yaradıb. Bəs görəsən, gözləntilər nədir və postpandemiya dövrünə Azərbaycan turizmi hazırdırmı? Eləcə də indiki vəziyyətdə daxili turizmi daha da inkişaf etdirmək üçün hansı zəruri addımlar atmaq vacibdir? Bu və ya digər suallarla Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyevə müraciət etdik.

-Ruslan müəllim, pandemiya şəraitində Azərbaycan turizminin mövcud durumunu necə dəyərləndirərdiniz?

-Statistikaya nəzər saldıqda görürük ki, turizmin mövcud durumu ümidvericidir və düşünürük ki, artıq turizmin hərəkətliliyinin bərpası dövrünü yaşayırıq. İyun ayının 10-dan etibarən Rusiya Federasiyası və Türkiyə vətəndaşlarının ölkəmizə gəlişi ilə bağlı tətbiq edilən yumşalmalar, bu günlərdə isə Birləşmiş Ştatlar, Macarıstan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, İsraildən Azərbaycana gələcək turistlərin icazəsi ilə bağlı məsələlərin iyunun 21-dən həll edilməsi, istək və arzumuza uyğun olaraq ölkəyə səfər edəcək turistlərin koronavirusla bağlı verdikləri testin nəticələrinin tanınmasının 48 saatdan 72 saata qədər artırılması bu ümidləri yaradır. Hesab edirəm ki, 2021-ci il ümid və bərpa ili olsa 2022-ci ildən etibarən artıq normal həyata dönə bilərik. Əlbəttə, hər şey əvvəlki kimi olmayacaq, ancaq hər bir halda ümid edirik ki, cari ilin sonuna kimi əvvəlki fəaliyyətimizin 30 faizini bərpa edə bilərik. Güman edirəm ki, bu proses davam etdiriləcək.

-Artıq bir xeyli müddətdir ki, Azərbaycan turizmi postpandemiya dövrünə hazırlaşır. Sizcə ölkə turizmi postpandemiya dövrünə hazırdırmı?

- Bu müddət ərzində dünyanın digər ölkələrində fəaliyyət göstərən patnyorlarımızla, məsləkdaşlarımızla əlaqələrimizi davam etdirmişik. Seminarlar, virtual sərgilər formasında görüşlərimiz baş tutub. Həmçinin bu mddət ərzində 4-5 xarici ölkəyə səfərlərimiz də reallaşıb. Burada önəmli olan illərlə formalaşan beynəlxalq, xarici əlaqələrimizin dövriyyəyə girməsidir. Təbii ki, pandemiya ilə əlaqədar olaraq onlarda da vəziyyət o qədər də ürəkaçan deyildi. Ancaq bir-birimizi dəstəkləyərək bu fəaliyyətləri davam etdirməliyik.

-Yəqin ki, ilkin hesablamalar aparılıb, sizcə pandemiya ölkə turizminə nə qədər ziyan vurub?

-2019-cu illə müqayisədə 2020-ci ildə turistlərin sayında 70 faizdən artıq azalma mövcud olduğunu nəzərə alsaq, onu deyə bilərik ki, ümumi gəlirlər içərisində azalma bir o qədər müşahidə edilib.

-Hazırda regionlardakı turizm istirahət mərkəzlərinə səfərlər təşkil olunur və ənənəvi olaraq vətəndaş qiymətlərdən şikayətlənir. Hətta iddia edilir ki, turizm müəssisələri pandemiya dövründə üzləşdikləri ziyanı aradan qaldırmaq üçün ötən illərə nisbətən qiymətləri xeyli bahalaşdırlblar. Siz belə mənfi tendensiyanın şahidi olursunuzmu?

-Sizin də qeyd etdiyiniz kimi artıq regionlara turizm səfərləri təşkil edilir. Turizm şirkətləri bu istiqamətdə fəaliyyətə başlayıblar. Qeyd etmək lazımdır ki, hər bir böhran yeni bir imkandır. Düşünürük ki, biz yaranmış vəziyyəti fürsətə çevirib daxili turizmə üstünıük vermiş oluruq. Çünki ölkədən çıxmaq üçün mövcud olan bəzi məhdudiyyətlər insanları sövq edir ki, turizm mövsümündə regionlara səfər etsinlər. Onu da qeyd edim ki, bəli, istər bayram günləri, istərsə də ondan əvvəlki günlərdə süni qiymət artımlarını müşahidə etdik. Hesab edirəm ki, biz kəmiyyət göstəricilərinin arxasınca getməməliyik və daxili turizm yavaş-yavaş böyüyən bazar halına gəlməlidir. Təbii ki, burada keyfiyyət və rəqabət də əsas rol oynamalıdır. Onu da qeyd edim ki, Gürcüstan da artıq quru sərhədlərini açır. Ancaq biz yenə də Gürcüstanla müqayisədə ilkin addımlarımızı atmalıyıq.

-Azərbaycanda istər yerli, istərsə də xarici turistlər bir qayda olaraq ölkəmizdə turizmin hansı növünə üstünlük verirlər?

-Azərbaycan elə bir məkanda yerləşir ki, iqlim şəraiti, yerləşdiyi əlverişli coğrafi mövqe, İpək Yolunun ərazimizdən keçməsi turizmin bütün növlərinin ölkəmizdə inkişafına imkan yaradır. Bura ekoloji turizm, kənd-yaşıl turizmi, işgüzar turizm, sağlamlıq turizmi və s.aiddir. Ona görə də düşünürük ki, Azərbaycana xas turizm marşrutlarının tərtib olunması çox vacibdir. Onu da xüsusi qeyd etmək lazımdır ki, işğal altında olan ərazilərimizin düşməndən azad edilməsindən sonra Qarabağın özü də yeni bir turizm destinasiyası kimi Azərbaycanda turizmin inkişafına böyük bir töhfə verəcək. Eyni zamanda Bakı və onun kəndlərində, Abşeronda maraqlı startap layihələrinin həyata keçirilməsi, Balaxanı, Pişağı, Ramanı timsalında nümunəvi kəndlərin yaradılmasından Azərbaycan turizmi də böyük bir pay ala bilər.

-Siz bir təşkilat olaraq turizmin inkişaf etdirilməsi üçün hansı zəruri addımların atılmasını təklif edirsiniz?

-Düşünürük ki, Azərbaycan, Türkiyə və Gürcüstan olaraq təhlükəsiz turizm koridoru yarada bilərik. Həmçinin qarşılıqlı, vahid standartların tətbiq olunmasına ehtiyac var. Bu baxımdan düşünürəm ki, gələcəkdə bu faktları nəzərə alaraq yeni imkanlar əldə edə bilərik. Bundan başqa hesab edirik ki, kadr hazırlığı, dövlət-özəl sektor əməkdaşlığı genişləndirilməlidir. Həmçinin turizmə dəstək, təşviq fondları yaradılmalı, maliyyə resurslarına çıxış imkanları, subsidiyalaşma genişləndirilməlidir. Bu istiqamətlərdə fəaliyyəti davam etdirmək lazımdır.

Xüsusilə, sağlamlıq turizmi ilə bağlı məsələləri qabartmaq istərdim. Strateji Yol xəritəsində də göstərilmişdi ki, ümumilikdə Azərbaycan 2025-ci ilə qədər çox cazibəli bir turizm istiqaməti olacaq. 2025-ci ildən sonra isə Azərbaycan dünyanın 20 ən yaxşı istiqaməti olaraq turizm destinasiyasına çevriləcək. Burada sağlamlıq turizminin də çox böyük imkanları var. Qlobal miqyasda sağlamlıq turizminin turizm sənayesində birbaşa payı 10 faizdən çox, modilfikator effekti hesabına yaratdığı dəyər isə 20 faizdir. Azərbaycanda Ümumi Daxili Məhsulda turizm sənayesinin birbaşa payı 4,5, bilavasitə payı isə 3,3 aiz təşkil edir. Ümumilikdə götürdükdə, turizm valyuta gətirən sahə kimi çox prioritet bir istiqamətdir.

NEWSCENTER.AZ
Xəbəri paylaş