Newscenter.az.2.07.2021. Türkiyə Azərbaycanla yanaşı Mərkəzi Asiya ölkələri ilə də hərbi əməkdaşlığı genişləndirir. “Şuşa bəyannaməsi” Mərkəzi Asiya ölkələrinin diqqətini cəlb edib. Qazaxıstan və Özbəkistan Türkiyə ilə birgə hərbi təlimlərə və birgə hərbi texnika istehsalına üstünlük veriblər. Ankara Qırğızıstan, Türkmənistan, hətta Tacikistanı da unutmayıb.
Türkiyənin müdafiə naziri Hulusi Akar bir neçə gün əvvəl Qırğızıstan və Tacikistana səfər etdi. Məlumdur ki, Qırğızıstanla Tacisiktan arasındakı münasibətlərdə sərhəd gərginliyi var, son insidentdə hər iki tərəfdən itkilər olmuşdu. Ona görə də Hulusi Akarın Qırğızıstandan sonra Tacikistana səfəri doğru strategiya idi. Əks halda, yəni Hulusi Akar Qırzğıstana gedib Tacikistana getməsəydi, Düşənbə bunu Ankaranın tərəflərdən birini dəstəkləməsi kimi qiymətləndirə bilərdi.
Qırğızıstanın yeni prezidenti Sadır Japarov ötən ay Türkiyəyə səfər etmiş və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşmüşdü. Qırğızıstanın Türkiyənin hərbi və maliyyə dəstəyinə ehtiyacı var. Türkiyə hər ikisini təmin edəcək. Bunun əvəzində Ankara Qırğızıstandakı Fətullah Gülən tərəfdarlarının Türkiyəyə iadə edilməsini istəyir. Sadır Japarov ölkəsində Gülən tərəfdarları ilə mübarizə aparacağını vəd edib. Bundan sonra Hulusi Akar Bişkekə gedərək qırğız həmkarıyla geniş fikir mübadiləsi apardı.
Hulusi Akar Tacikistanda olarkən bu ölkə ilə də hərbi əməkdaşlığı genşləndirməyə hazır olduğunu bildirib. Qırğızıstan kimi Tacikistanın da Türkiyənin hərbi dəstəyinə ehtiyacı var. Bu ölkələri Əfqanıstandakı xaosa qarşı birgə mübarizə də birləşdirir. Mərkəzi Asiya ölkələri Taliban hərəkatının Əfqanıstanda yeni-yeni məntəqələr ələ keçirməsindən narahatdırlar. Taliban Mərkəzi Asiya ölkələrinin sərhədlərinə yaxınlaşıb. Türkiyə hərbçiləri ABŞ və digər NATO ölkələrindən fərqli olaraq Əfqanıstandan çıxmayacaq, Kabil hava limanını qoruyacaq. Bu mənada Türkiyənin Əfqanıstanda oynadığı rol Mərkəzi Asiya ölkələrinin də maraqlarına cavab verir.
Bu arada, Türkmənistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qayıdacağını bəyan edib. Bu da türk birliyinin və türkdilli dövlətlər arasında inteqrasiyanın xeyrinədir.
Rusiyanın bəzi ekspertləri ondan narazıdırlar ki, Kreml Azərbaycanda və Mərkəzi Asiyada boşluq yaradıb və bundan Türkiyə öz məqsədləri üçün məharətlə istifadə edir. Bu boşluq deyil, hadisələrin doğru istiqamətdə inkişafıdır. Kreml buna qarşı nə edə bilər ki? Azərbaycan və Mərkəzi Asiya ölkələri dili, kökü və dini bir Türkiyə ilə sıx əlaqələr qurmaq, təhlükələrə qarşı birgə mübarizə aparmaq istəyirlər. Rusiyanın yeganə dərdi isə bu ölkələri özündən asılı vəziyyətə salaraq tədricən vassala çevirməkdir. Özünə hörmət edən heç bir dövlət vassal olmaq istəmir, ona görə də bölgə ölkələri Rusiyanı deyil Türkiyəni seçirlər.
Elxan Şahinoğlu-"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri