Newscenter.az.5.07.2021. Bu məsələdə əsas zamanın düzgün qiymətləndirilməsidir. Rusiya tərəfi Ermənistanın çağrışlarından istifadə edərək sərhəd mühafizəsini öz üzərinə götürür. Ermənistan tərəfinin atəşkəsi intensiv pozması da Rusiyanın şansını böyüdür. Rusiya tərəfi bəyan edir ki, sülhməramlılar olmazsa, atəşkəs də olmaz, sabitlik də.
Ona görə atəşkəs ara-sıra pozulur və sülhməramlılar nəzarəti təmin edir ki, görsünlər ki missiyalarını yerinə yetirirlər.
Rusiya prezidenti Vladimir Putin 4, 5 gün əvvəl bir müsahibəsində heç kim- nə Azərbaycan, nə Ermənistan, nə də Dağlıq Qarabağ sakinləri böhranın dərinləşməsində maraqlı deyildir-dedi. Putin Dağlıq Qarabağ ifadəsini işlətdi. Buradan anlaya bilərik ki, Rusiya Dağlıq Qarabağın statusu məsələsinin üzərindən xətt çəkməyib, bundan istifadə edəcək. Amma hələki bu məsələni arxivdə saxlayacaq, zaman gəldikdə ortaya atacaq.
Azərbaycan tərəfi bildirdi ki, Dağlıq Qarabağ ifadəsini işlətməməliyik. Qarabağ aranlı-dağlı bizimdir. Amma Ermənistan tərəfi son günlər Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını ifadə edir. Hətta şərt qoyaraq deyirlər ki,(Ermənistanın xarici münasibətllər üzrə parlament komissiyasının sədri Ruben Rubinyan) Azərbaycanın ərazi bütövlüyünü Dağlıq Qarabağın müstəqilliyinin tanınması qarşılığında tanıyacaq, sülh sazişi bağlayacağıq.
Ermənistan parlamenti Dağlıq Qarabağın müstəqilliyi məsələsini masaya qoymayıb indiyə kimi. Bunu edərdisə, Azərbaycanla saziş imzalayamayacağını, beynəlxalq hüquq cəhətdən də əsassız olaraq qiymətləndiriləcəyini bilirdi. Yəni parlament tanımasa da, ehtiyat kimi saxlayırdı.
Qarabağda yaşayan ermənilərin Rus pasportu almaq istəkləri də Rusiya tərəfindən dilə gətirilir. Bu da ciddi məsələdir. Qarabağda yaşayan ermənilər bu gündən sabaha nagüman yaşayanlardır. Fürsət olsa, bölgəni tərk edərlər. Bu sadəcə Rusiyaya sərf edir.
Azərbaycan tərəfi də zamanı düzgün qiymətləndirməlidir. Qarabağda yaşayan kəslər(etnik qrupundan asılı olmayaraq) Azərbaycan vətəndaşıdır(şəxsiyyətlərini təsdiq edən sənəddə də belə yazılmalıdır). Azərbaycan qanunları çərçivəsində fəaliyyət göstərməlidir tipli bildirişlər etməlidir.
Digər bir məsələ isə mina xəritələri ilə bağlıdır. Azərbaycan tərəfi erməni diversantlarından məqsədyönlü şəkildə istifadə etməlidir. Bu diversantların sərhədi pozmuş, təxribatçılar olduğunü sübut etmək üçün məhkəmə önündə ittiham edilməlidirlər(edilirlər də). 15 nəfər diversant qarşılığında Füzuli və Zəngilan rayonlarının mina xəritələrinin əldə edilməsi təqdirə layiqdir. Digər ərazilərin də mina xəritələri alınacaq qısa zamanda.
Hətta müəyyən zamandan sonra Nikol Paşinyanın razılğa gələcəyini də görə bilərik. Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa alternativ yoxdur.
Türkiyə prezidenti R.T.Ərdoğanın təklif etdiyi 3+3 bölgə dövlətlərinin birgə əməkdaşlığı Rusiya, Gürcüstan və İran tərəfindən müsbət qarşılanıb. Çox güman, Ermənistan da buna yaxınlıq edəcək.
Bölgədə digər qüvvələrin- Qərbin, ABŞın, İsrailin, İranın və Çinin də maraqları yer alır. Zəngəzur dəhlizinin açılmasında da bunlar çox maraqlıdır. Bölgədə təkcə Rusiyanın və Türkiyənin yer almasını istəmirlər. Onun üçün yumşaq siyasət yeridirlər. Haqlı tərəf olan Azərbaycanla əlaqələri yaxşılaşdırmağa səy göstərirlər. Hətta Çin bu dəhlizin "bir kəmər bir yol" layihəsində mühüm yer tutduğunu deyir. Yəni maraqlar toqquşduğu üçün konfliktlər də olacaq, təbii ki. Dəhlizin açılmas mümkün olacaq. Hesab edirəm ki, ilk öncə dəmir yol nəqliyyatı bərpa olunacaq. Siyasi arena 2021-in sonu 2022-nin əvvəllərində olduqca dinamik olacaq. Ərazi bütövlüyün tanınması, mina xəritələrin əldə edilməsi, işğaldan azad edilmiş ərazilərə yenidən qayıdışın təmin edilmısi, dəhlizin inşası kimi prioriteləri ehtimal edirəm!
Hələlik saat leyhimizə işləyir. Düzgün siyasi addımlarla gələcəkdə də saatın leyimizə işləməsini təmin etməliyik. Əleyhimizə aparan yolları əvvəlcədən bilib ona uyğun manevrlər edilsə, başımız ağramayacaq!
Dövlət İdarəçilik Akademiyasının Politoloqlar Klubunun, Gənc Politoloqlar Təşkilatının sədri, Siyasi ekspert Elman Vəliyev.