Newscenter.az.8.07.2021. İstər II Qarabağ savaşında, istərsə də ondan sonrakı mərhələdə Ermənistan və Azərbacyan arasında baş vermiş sərhəd insidentləri və digər hadisələrdə KTMT-nin neytral qalmasının arxasında hansı məqsədlərin dayandığı bəlli idi.
Ermənisatan tərəfinin bir neçə dəfə KTMT-yə üzv dövlət olaraq Azərbaycanla bağlı müraciət etməsinə baxmayaraq Rusiyanın "çətir"i altında olan KTMT baş verənləri adi insident adlandıraraq məsələyə "qarışmaq"dan imtina etdi. Dəfələrlə KTMT-nin baş katibi Stanislav Zas öz çıxışlarında Ermənistan-Azərbaycan arasında baş verənləri kiçik miqyaslı insident adlandıraraq məsələyə qarışmağın doğru olmayacağını bildirmişdi. Əlbəttə ki, bu KTMT-nin Azərbaycana qarşı xoşniyyətindən xəbər vermir. Bütün bu dövr ərzində təşkilatın "susqun" qalmasının arxasında hansı məsələlərin dayanması artıq məlum oldu. Deməli KTMT, daha dəqiq desək Rusiya Azərbaycanı bu kəşkilatda olmağını istəyir.
Təbii ki, Azərbaycan hansısa hərbi bloka üzv olmamaq məsələsini özü üçün prioritet hesab edir və bu istiqamətdə addımlar atmağa çalışır. Rusiyanın Azərbaycanı KTMT ilə yaxınlaşdərmaq üçün müşahidəçi statusunu təsis etməsi onu deməyə əsas verir ki, Azərbaycana mümkün qədər təsir imkanları əldə etməyə çalışsın. Şübhəsiz ki, Azərbaycana qarşı bu təsir mexanizmlərinin işlək olacağı inandırıcı gprünmür.
O zaman sual oluna bilər ki, niyə Rusiya bütün gücü ilə Azərbaycanı KTMT-nin yanında görmək arzusundadır? Azərbaycan KTMT-yə üzv olarsa yaxud ona yaxın statusda olarsa hansı faydaları və ziyanları ola bilər?
Rusiya üçün Cənubi Qafqaz xüsusi önəmə sahibdir. Ona görə də Rusiya bütün gücü ilə regionda möhkəmlənməyə çalışır. Bununla paralel olaraq da Türkiyəni və qərbi regionda sıxışdırmağa çalışır. Digər tərəfdən isə Ermənistan və Azərbaycan arasında münaqişənin tənzimlənməsində "vəsitəçi" olmağa çalışır ki, burada da bugünə kimi Azərbaycanın xeyrinə hansısa tutarlı addımın atılması görünməmişdir.
Rusiyanın məqsədi Azərbaycanı KTMT-yə üzv etmədirsə, fikrimcə bu Azərbaycanın xarici siyasət strategiyasına uyğun addım kimi qəbul edilə bilməz. Hesab edirəm ki, Azərbaycan yenidən Rusiya ilə hər hansı hərbi təşkilatda bu və ya digər formada təmsil olunarsa, bunun mənfi mənada ciddi təsirləri ordu içində görünəcək ki, belə arzuolunmaz məsələlər bizim üçün ümumiyyətlə gərək deyil. Yəni getdikcə ordu içərisində zəifləməkdə olan rusmeyillilər yenidən fəallaşar ki, bu da Azərbaycan üçün gərəkli olacağı görünmür.
Ən önəmlisi isə Rusiya bu addımla 10 noyabr 2020-ci ildə üçtərəfli bıyannamə ilə özünü "sülhməramlı" kimi Azərbaycan ərazisinə gətirsə də, hələlik "sülhməramlı" mandatını əldə edə bilməyib. Görünən odur ki, bu addımla Rusiya həm də mandat məsələsini də legitimləşdirməyə çalışır.
15 iyun 2021-ci ildə Azərbaycan və Türkiyə arasında imzalanmış "Şuşa bəyannaməsi" isə Rusiya üçün olduqca narahatedici məsələ kimi öz aktivliyini qoruyub saxlamaqdadır.
Hesab edirəm ki, Azərbaycan üçün ən uyğun variant heç bir hərbi bloka üzv olmamaq, müttəfiq və dost dövlətlərlə, xüsusilə də Türkiyə, İsrail və Pakistanla hərbi sahədə əlaqələri inkişaf etdirmək ola bilər.
Samir Hümbətov-siyasi şərhçi