Newscenter.az.13.07.2021. İngiltərədən olan sonuncu elmi statistik nəticələrə baxdıqda mühüm rəqəmlərlə rastlaşırıq. Belə ki, Delta variantının ölüm faizi orada daha da aşağı düşüb və hazırda 1,9% ölüm faizi göstərən Alfa variantı ilə müqayisədə Deltanın ölüm faizi 0,2% təşkil edir. Bununla da bu gün dəqiq deyə bilərik: Hazırda heç bir elmi əsaslı sübut yoxdur ki, Delta variantı bundan əvvəlki virus variantları ilə müqayisədə ölümcüldür.
İsrail və Sinqapurda yeni yoluxmaların 95 %-dən çoxu Delta variantı ilə baş verib. mRNA əsaslı peyvəndlər sayəsində ölüm faizi çox aşağıdır.
Delta peyvənd almayanlar və ya az peyvənd olanlar arasında daha çox yayılıb
Delta variantının ölüm faizinin İngiltərədə son təqdimatda aşağı düşməsinin səbəbi onun gənclər arasında daha çox yayılmasıdır ki, orada da ölümə çox az rast gəlinir. İngiltərədə daha maraqlı statistikanı isə 2020-ci ilin avqust ayından 2021-ci ilin mart ayına qədər olan yoluxmaları 2021-ci ilin aprelindən bu günədək olan zaman çərçivəsindəki yoluxma halları ilə müqayisə etdikdə görürük. Belə ki, 2020-ci ilin avqust ayından 2021-ci ilin mart ayına qədər hər 1000 nəfərə düşən ölüm sayı 18 və hospitalizə olunanların sayı 81, 2021-ci ilin aprelindən bu günə qədər olan zamanda hər 1000 nəfərə düşən ölüm sayı 4 və hospitalizə olunanların sayı isə 45-dir. Bundan başqa, İngiltərədə Delta variantının ikincili yoluxma əmsalı da aşağı düşüb və hazırda Alfa variantı ilə eynilik təşkil edir.
Moderna peyvəndi barədə elmi tədqiqat milyonlarla insana kömək ola bilər
Moderna vaksininin bu günə qədər tətbiq edilən dozasının 1/4-də yüksək effektivliyi bir elmi tədqiqatla göstərilib. Əgər bu, müvafiq qurumlar tərəfindən qəbul edilərsə, bunu kasıb və inkişaf etməkdə olan ölkələr üçün böyük bir qələbə saymaq olar. Belə ki, qısa zamanda bir çox ölkələr yüksək effektivli peyvəndlərlə təmin oluna bilərlər.
Azərbaycan qarşıdakı aylarda sərt karantinə keçməyə bilər
Bu gün Azərbaycanda olan epidemioloji vəziyyət onu deməyə əsas verir ki, indidən əldə olan elmi statistik məlumatlarla qurulacaq doğru strategiya ilə sərt karantin rejiminə keçməmək mümkündür. Bir daha vurğulayıram ki, bunun üçün mütləq aşağıdakılar ilə başlamaq vacibdir:
1. Delta variantının olmasını təsdiq edən sekvenləşdirilməni üst səviyyədə təşkil etmək.
2. Delta variantı aşkarlanan şəxslərin bütün kontaktda olduğu insanları dövlət tərəfindən həmin gün pulsuz PCR testi etmək və o şəxslərə müvafiq izolyasiya/karantin tədbirləri tətbiq etmək.
3. Qısa zamanda sürətli şəkildə ən effektiv peyvəndlərlə vaksinasiyaya davam etmək (Çin peyvəndinin bu gün elmi tədqiqatları ortaya qoymaması və yaxud qoya bilməməsi onunla elmi əsaslı mübarizənin təşkilini artıq çətinləşdirdi).
4. 3-cü peyvənd dozası mütləq tətbiq edilməlidir. Bu yüksək effektivli peyvəndlərdən biri ilə olmalıdır və bu dozanın hansı vaksinə aid olacağı elmi əsaslı müəyyənləşdirilməlidir.
Nuran Abdullayev
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim