Newscenter.az.13.07.2021. Səfəvilər və Osmanlılar arasında 1514-cü il avqustun 23-də Çaldıran düzündə (Maku şəhəri yaxınlığında) baş vermiş Çaldıran döyüşü barədə tarix elmində belə fikir uzun zamandır hökm sürür “Heç bir odlu silahı və topu olmayan qızılbaş ordusu sayca Osmanlılardan xeyli az idi və təqribən 300 top, tüfənglə silahlanmış yeniçəri dəstələri və s. qoşun növlərindən ibarət Osmanlı ordusuna qalib gəlməyə bu fakt səbəb oldu”
Lakin ilkin qaynaqlar göstərir ki, Çaldıran döyüşü zamanı Səfəvi ordusunda top və tüfəng kimi silahlar olub. Hətta bu döyüşdən çox qabaq Şah İsmayıl bu silahlara malik olub. Mirzə Abbaslının “Şah İsmayıl Xətainin ömür yolu miniatürlərdə” əsərindəki Bakı və Füruzguh qalalarının alınmasına aid miniatürlərdə top və tüfəng təsvirləri, “topçu” və “tüfəngçi” ifadələrinin dilimizdə XVI əsrin əvvəllərindən mövcud olduğunu isbat edir. Ser Denis Rossun məlumatlarında da göstərilir ki, Şahın artıq topçu (top tökən) məsələsində çətinliyi yoxdur. Ona görə ki, bir neçə top ustası Osmanlı dövlətindən narazı qalıb, Şahın xidmətinə keçmişdir. O cümlədən Robert və yoldaşlarına görə, onlar Səfəvi dövlətinə gələnə qədər burada top və tüfəngdən istifadə edə bilmirdilər və onların gəlişindən sonra vəziyyət dəyişmiş, artıq Şahın İsfahanda karxanasında 200 işçisi vardır ki, onlar kifayət qədər yaxşı top, tüfəng hazırlayırlar.
Çaldıran döyüşünə qədər Qızılbaş qoşununda top, tüfəng və mancanaq olmuşdu, bu silahların bəziləri Təbrizdə istehsal olunurdu. Qaynaqda göstərilir ki, Bərxudar bəyin qırx beş günə tökdüyü bu top çox böyük olub, iyirmi beş batman ağırlığında mərmi atırdı. Mənbənin verdiyi bu məlumatlar, o cümlədən, ağır mühasirə topunun tökülməsi haqqındakı fakt Səfəvi məmləkətində top tökülməsindən, Təbrizin ölkə miqyasında odlu silahlar istehsalına görə xüsusi əhəmiyyət kəsb etməsindən xəbər verir və təbrizli topçuların əski çağlardan çox böyük təcrübəyə malik olduqlarını da isbat edir. Ümumiyyətlə, ölkənin topçubaşı vəzifəsinə də bir qayda olaraq, təbrizli hərbi əyanlarından təyin olunurdu. Qulam, tüfəngçi, topçu və sufilər “Şah qoşunu” olub, onların məvacibləri xassə əmlakı hesabına büdcədən ödənilirdi.
Bəs necə oldu ki, Çaldıran döyüşü zamanı Səfəvilər bu silahlardan Osmanlılara qarşı istifadə edə bilmədilər. Məlumdur ki, Çaldıran düzündə döyüşdən bir neçə gün qabaq ordular strategiya qururdular. Səfəvi topları yaxınlıqda yerləşən təpələrdə qoyulmuşdur. 8 top olaraq bir neçə təpədə istehkam qurulmuş idi. Lakin döyüşdən bir gün öncə Osmanlı kəşfiyyatı gecə ikən Səfəvi ordusuna hücum edərək topçuları qətl etmişdilər. Buna görə də döyüş zamanı Səfəvi topları istifadə edilə bilinmədi. Düzdü döyüş zamanı az sayda olmalarına baxmayaraq Səfəvi döyüşçüləri Osmanlıların müdafiə xəttini qıra bilsələr də, 300-ə yaxın Osmanlı topları döyüşün taleyini həll elədilər. Çaldıran döyüşü odlu silah üstünlüyü sayəsində qazanıldı və ələ keçirilən qənimətlər arasında 20-dən çox Səfəvi topu və 100-dən çox tüfəngi ələ keçmiş idi.
Dosent Zaur Əliyev