Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mərkəzi Asiyada Talibana FETÖ-çular dəstək verəcək



Newscenter.az.14.07.2021. Türkiyə Mərkəzi Asiya ölkələri ilə hərbi əməkdaşlığı genişləndirir. Xüsusilə bu prosesin Türkiyə ordusunun Əfqanıstanda qalmaq qərarı verdiyi bir zamanda baş verməsi olduqca maraqlıdır.

Məsələ ondadır ki, Taliban hərəkatının Əfqanıstanda hakimiyyəti ələ alacağı və paytaxt Kabili ələ keçirəcəyi artıq heç kəsə sirr deyil. Məlum idi ki, 20 illik mübarizədən sonra ABŞ və NATO qüvvələrinin Əfqanıstandan çıxması Talibanın da güclənməsi ilə paralellik təşkil edəcək. Son günlər Talibanın ard-arda iri yaşayış məskənlərini ələ keçirməsi də ondan xəbər verir ki, Taliban Əfqanıstanı ələ keçirmək üçün əsaslı addımlar atır.

ABŞ və NATO qüvvələrinin Əfqanıstandan çıxsa da Türkiyə qoşunları bu ölkədə qalacaq. Lakin bu, heç də ABŞ-ın müttəfiqi adlandırdığı Türkiyəni dəstəkləməsi deyil. Vaşinqton faktiki olaraq Türkiyəni Əfqanıstanda Talibanı tənzimləmək üçün saxlayıb. Çünki rəsmi Vaşinqton 20 ildən artıq bir müddətdə mübarizə apardığı Talibanı birdən-birə bu qədər güclənməsinə də razı ola bilməz. Lakin bununla belə bağlı qapılar ardında keçirilən görüşlərdə Vaşinqton Talibanla daha böyük məsələlər ətrafında razılığa gəlib. Söhbət Əfqanıstanda hakimiyyətin Talibana güzəşdə gedilməsi qarşılığında hərəkatın Mərkəzi Asiya və Çinin Uyğur vilayətində radikal islamçılığı gücləndirməsi siyasətindən gedir. Yəni Taliban qarşısında qoyulan öhdəlik sosial vəziyyəti iqtisadi imkanları zəif olan Mərkəzi Asiya ölkələrində dini radikalizmi artırmaq, beləcə Çinin “bir kəmər, bir yol” layihəsinin şah damarı olan Mərkəzi Asiya xəttinin qarşısını almaqdır.

Türkiyə ABŞ-ın pərdəarxası dəstəyi ilə Talibanın Mərkəzi Asiyaya sızmaq, burada dini radikalizmi artırmaq istədiyini yaxşı bilir, lakin Ankaranı Talibanla bağlı narahat edən əsas məsələ tamamilə fərqlidir. Düzdür, Türkiyənin də Mərkəzi Asiya ölkələri ilə bağlı planları var. Xüsusilə də uzun illərdir türk dünyasının vahid arzusu olan TDƏŞ və ya hər kəsin bildiyi kimi Turan İttifaqını yaratmaq. Bundan başqa, Çinin “bir kəmər, bir yol” layihəsi də Ankaranın diqqət mərkəzindədir. Lakin Ankara anlayır ki, Talibanın Mərkəzi Asiyaya sızması hər şeydən öncə illərdir mübarizə apardığı Fətullah Gülən və onun FETÖ terror birləşməsinin güclənməsinə səbəb ola bilər.

Məsələyə daha geniş müstəvidən baxsaq, deyə bilərik ki, Türkiyə də bu gün FETÖ-ya qarşı ciddi zərbə vurulsa da Gülənçilərin Mərkəzi Asiyada nüfuzu hələ də güclüdür. Təsadüfi deyil ki, Ankara uzun müddətdir Mərkəzi Asiya ölkələrində, xüsusilə də Qırğızstanda fəaliyyət göstərən FETÖ-lara qarşı sözün əsl mənasında ov başladıb.Türkiyənin müdafiə naziri Hulusi Akarın bir müddət öncə Qırğızıstan və Tacikistana səfər etməsi də məhz bu məslə ilə bağlı idi.

Məsələ ondadır ki, Akarın bu səfəri ilk başda Qırğızıstanla Tacikistan arasındakı münasibətlərdə sərhəd gərginliyi ilə əlaqələndirilsə də məsələ tam fərqli idi. Qırğızıstanın Türkiyənin hərbi və maliyyə dəstəyinə ehtiyacı var. Bunu Türkiyə də yaxşı bilir. Türkiyə hər ikisini təmin edəcək. Lakin Türkiyənin də öz növbəsində Qırğızıstandan gözləntiləri var. Belə ki, Türkiyə bu ölkədə fəaliyyət göstərən Fətullah Gülən tərəfdarlarının təhvil verilməsini istəyir. Qırğızıstan Türkiyənin bu istəyini isə çox keçmədi ki, gerçəkləşdirdi. 21 ildir Qırğızıstanda yaşayan və FETÖ-nun Mərkəzi Asiya üzrə baş direktoru Orxan İnandı 1 iyunda Bişkekdə saxlanılaraq Türkiyəyə gətirildi. Sadır Japarov ölkəsində Gülən tərəfdarları ilə mübarizə aparacağı vədini yerinə yetirir.

Ankara ABŞ-ın dəstəyi ilə Talibanın Mərkəzi Asiyaya sızıb, burada dini radikalizmi artıracağını bilir. Lakin Talibanın ideologiyasında peştun milliyətçiliyin dindən ön planda olması hərəkatın bu regiona sızmasına ciddi maneədir. Bu mənada Talibana Mərkəzi Asiyada ABŞ-ın dəstəklədiyi digər bir terrorçu qrup Fətullah Gülənin FETÖ terror təşkilatı yardım edəcək. Yəni FETÖ və Taliban ABŞ maraqları üçün Mərkəzi Asiyada dini radikalizmi artırmaq üçün birlikdə hərəkət edəcək.

Onsuz da illərdir FETÖ-nun belə bir dəstəyə ehtiyacı var. Çünki FETÖ ideoloji cəhətdən gücü olsa da hərbi baxımdan gücü yoxdur. Taliban da isə vəziyyət tam tərsidir. Silah və döyüşçü baxımdan lazımi resursu olan Talibanın Mərkəzi Asiyada ideoloji dəstəyi yoxdur. Yəni hər iki terrorçu qrup Mərkəzi Asiyada ABŞ-ın pərdəarxası dəstəyi ilə gücünü birləşdirəcək.

Nəticə etibarilə ABŞ Türkiyənin Əfqanıstanda qalıb Talibana nəzarət etməsini istəsə də Mərkəzi Asiyaya nüfuzunu artırmasını istəmir. Təsadüfi deyil ki, Bütün bu hadisələrin fonunda Taliban Türkiyə ordusu Əfqanıstanda qalsa, Taliban onlara hücum edəcək bəyanatını verdi. Yəni rəsmi Vaşinqton Ankaranın Mərkəzi Asiyadakı planlarını pozma ehtimallarının qarşısını almaq üçün Əfqanıstanda Talibanla üz-üzə gəlməsində maraqlıdır. Beləcə Ankara Əfqanıstanda Talibanla mübarizə apardığı bir zamanda ABŞ-da Mərkəzi Asiya ilə bağalı planlarını yerinə yetirə biləcək.

Ankarının nə edəcəyini isə yaxın günlərdə baş verəcək siyasi proseslər müəyyənləşdirəcək.

Turan Rzayev-"Atlas" Araşdırmalar Mərkəzinin siyasi eksperti
Xəbəri paylaş