Newscenter.az.29.07.2021. Vatikan arxivlərinə online baxan zaman bu ikona qarşıma çıxdı. Həzrəti Məryəm qucağında körpə İsa Peyğəmbəri tutub. İkonanın X əsrdən Vatikanda olması yazılır. Bu İkona İslamdan öncə Məkkədə yerləşən Kəbə evində olub. Məlumat üçün deyim ki, Kəbə evində qoyulan bütlərin sayı üç yüz altmışa çatırdı. Onlar müxtəlif şəkil, heyət və formalarda idi. Hətta xristianlar Kəbə evinin divarları və sütunları üzərində xanım Məryəm (ə), İsa (ə), mələklər, İbrahimin (ə) əhvalatını həkk etmişdilər. Kəbə içində büdpərəst ərəblərin inandıqları daş heykəllərlə yanaşı yəhudilərin və xrisitianların inancları olan ikonalar, şəkillər, şamdanlar və sairə əşyalar olub. Qeyd edim ki, ərəblərin bütpərəstliklə bağlı etiqadlarında totemizmin izləri də güclü olub. Ərəblər arasında büt yapmağı özünə peşə etmiş sənətkarlar da var idi. Onlar düzəltdikləri bütləri satmaq üçün obaları gəzir, bədəvi ərəblər bu bütləri alıb alaçıqlarında saxlayırdılar. İslamdan əvvəl, nəinki bədəvi ərəblər arasında, hətta Məkkədə belə elə bir ev tapmaq olmazdı ki, onun öz bütü olmasın.
Ayrıca olaraq, şəkillərə ibadət də mövcud idi. Kəbə məbədgahında hz. Məryəmin qucağıda körpə İsa əl-Məsihlə bir şəklinin olması ərəblər arasında xristian ikonalarının mövcud olmasını da düşünməyə əsas verir. İslamdan öncə Ərəbistan yarımadasında xristianlığın yayılmaq imkanları daha real idi; Bütpərəslik böhran içərisində idi. Yəhudilik və Zərdüştlük müəyyən intişar tapsalar da onlar dəvət dini deyildilər. Yarımadada dini hegemonluqda əsas maraq Bizans imperatorluğunun idi. Yarımadaya daim xristian missionerləri göndərilirdi. Təğlib, Tayy, Saqif kimi böyük qəbilələr tam xristianlaşmaq üzrə idi. Belə bir vaxtda İslam dini yarandı və yarımadanı vəhdaniyyətə yönəltmək təşəbbüsünü xristianlıqdan aldı. Məkkənin fəthi zamanı Kəbə bütxanasındakı bütün büt və şəkillər məhv edilmiş, amma peyğəmbərin göstərişi ilə həmin şəkil saxlanılmışdır. Tək bu şəkillə yanaşı yəhudilərə aid əşyalar yazılar və rəsmlərə toxunulmayıb. Məhəmməd Peyğəmbər (s) tək Allaha ibadət edən yəhudilərə və xristianlara aid heç bir abidə, əşya və məbədə toxunmur və sonradan islam dini yayılan coğrafiyada da bunu etməməyi tapşırıq verir.
Şəklin X əsrdə Kəbəyə qərməti hücumu zamanı məhv edildiyi zənn edilir. Lakin məlum olur ki, Vatikanın bu ikonanı ələ keçirmək planları ancaq X əsrdə mümkün olur.
Dosent Zaur Əliyev