Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jirinovskinin Ərdoğan və Əliyevə qarşı hücumları səbəbsiz deyil



Newscenter.az.10.08.2021. Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin artıq dəfələrlə Azərbaycana və Türkiyəyə, həmçinin onların liderlərin İlham Əliyev və Rəcəb Tayyib Ərdoğana qarşı təxribat xarakterli fikirlər səsləndirməsi təbii ki, səbəbsiz deyil. Jirinovski sonuncu çıxışları zamanı Qarabağa, Azərbaycana, Ərdoğan hakimiyyətinə, Türkiyənin Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya siyasətinə toxundu. Onun belə strateji məsələlərə toxunmasını şübhəsiz ki, ağlının məhsulu deyil, əksinə, ənənəvi rus siyasətinin taktiki gedişləri kimi də dəyərləndirilə bilər.

Son dövrlər Türkiyənin həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan güclənməsi nəinki Jirinovskini, eyni zamanda rus siyasi elitasını olduqca ciddi narahat edən amillərdəndir. Türkiyənin getdikcə nüfuzunu bərpa etməsi, həm regional, həm də qlobal səviyyədə söz sahibinə çevrilməsi prosesi Rusiyanı narahat etməyə bilməz.

Ərəb Baharından sonra Yaxın Şərq və Şimali Afrikada, II Qarabağ savaşı zamanı və ondan sonrakı mərhələdə Cənubi Qafqaz və Mərkəzi Asiyada güclənməyə başlayan Türkiyənin atdığı addımlar Rusiyanın xarici siyasət strategiyası ilə bir-birinə zidd olması rəsmi Kreml üçün arzuolunmaz hadisə kimi qiymətləndirilə bilər. Rəsmi Kremilin rəsmi Ankara ilə həm Ukrayna, həm Suriya, həm Liviya, həm də Azərbaycanda bəzən açıq, bəzən də qapalı şəkildə konfrantasiyaya getməsi və bu konfrantasiyanın rəsmi Kremil üçün arzuolunmaz nəticələr verməsi həm Jirinovskini, həm də onu danıştıran rus siyasi elitasının nümayəndələrini narahat edən digər önəmli amillərdən biri kimi qəbul edilə bilər.

II Qarabağ savaşından sonra Mərkəzi Asiyanın türkdilli dövlətlərinin rəsmi Ankara ilə yaxınlaşma siyasəti sözügedən region uğrunda Çinlə ciddi rəqabət aparan Rusiya üçün əlavə narahatlıqların yaranmasına səbəb oldu.

Bugün Rusiyada 35 milyondan artıq türkdilli xalqların nümayəndələri yaşaması ilə yanaşı post-sovet ölkələrindən də 5 milyondan artıq türkdilli vətəndaşların yaşaması Rusiya üçün Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiyada möhkəmlənməsinin nə dərəcədə narahatedici olduğunu deməyə əsas verir. Rusiyada belə çox türkdilli xalqların və inzibati ərazi idarəetmə orqanlarının mövcud olması Rusiyanı Türkiyədən ehtiyat etməyə vadar edir.
Görünən odur ki, tərəflər arasında qarşılıqlı siyasi-iqtisadi əlaqələr və əməkdaşlıq mövcud olsa da, Rusiya ABŞ və Çindən sonra özü üçün ən ciddi təhlükəni Türkiyədən gözləyir. Ona görə də Jirinovskinin dili ilə Türkiyədə yaşayan xalqlar arasında qarşıdurma yaradıb ölkəni parçalamaq məsələsini gündəmə gətirən dairələrin məqsədi Türkiyəni parçalamaq deyil, Rusiyanın özünün gələcək parçalanmasının qarşısını almaqdır.

Jirinovskinin Qarabağ və Azərbaycanla bağlı söylədiyi fikirlərin də arxasında ciddi təxribatların olması açıq şəkildə görünür. Jirinovskinin dediklərindən belə qənaətə gəlmək olar ki, rus "sülhməramlıları"nın Qarabağ ərazisində olmasına baxmayaraq Rusiya Türkiyənin Cənubi Qafqazda Azərabaycanda möhkəmlənməsindən ciddi narahatlıq keçirir və növbəti 5 ildə rus "sülhməramlıları"nın Qarabağda mövcudluğunun mümkün olmayacağını anlayır. Ona görə də əvvəldə niyyətini açıq ifadə etməklə regionda mövcudluğunu qorumağa çalışır. Rusiya yaxşı anlayır ki, Azərbaycanda Türkiyənin nüfuzu ondan daha çoxdur və Rusiya əvvəlki qədər Azərbaycana nüfuz etmək imkanlarına malik deyil.

Hesab edirəm ki, Rusiya Jirinovskinin timsalında özünün xarici siyasət strategiyasına təsir edən amilləri göstərməklə onu narahat edən məsələləri açıq şəkildə bəyan edir. Vəziyyətin gedişatı onu göstərir ki, regionda və dünyada baş verən proseslər heçdə Rusiya üçün ürəkaçan deyil. Ona görə də bundan sonra da Jirinovski və onun kimilərinin təxribat xarakterli çıxışları davam edəcəyi gözləniləndir.

Samir Hümbətov-siyasi şərhçi
Xəbəri paylaş