Newscenter.az.7.09.2021. Laçın vüqarlı, Çinar əzəmətli, Bir Ananın iki oglu olan Türkiyə və Azərbaycan “Bir millət, iki dövlət!” şüarına hər gün yeni güc qatır, bir yumruq kimi daha yeni hədəflərə irəliləyir.
44 günlük parlaq Zəfərdən sonra Azərbaycan və Türkiyə hərbçiləri daha qırılmaz tellərlə bir-birinə bağlanıb, yeni hərbi təlimlər keçirməklə möhtəşəmliyini artırırlar. Bu sarsılmaz qardaşlığa Pakistanın da qoşulması gücə gücə qatır.
Azərbaycan, Türkiyə, Pakistan xüsusi təyinatlı qüvvələrinin “Üç qardaş - 2021” beynəlxalq təlimlərinin ardınca, Laçında möhtəşəm hərbi layihənin keçirilməsi isə qürurverici təsir bağışlayır.
Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Laçın rayonunda “Birgə Komando Əməliyyatı” adlı birgə döyüş atışlı taktiki təlimin başlanması həm xüsusi siyasi-hərbi məna daşıyır. Biz dayanmırıq, Güc toplayırıq, daha Güclüyük.
Bu, dünyaya iki qardaşın hərbi rəşadətinin göstərisidir, ölkəmizə qarşı siyasi riyakarlıq edənlərə, Ermənistanı silahlandıracağıq deyənlərə görkdür.
Azərbaycan ərazilərində yolunu azmış ermənilərə və havadarlarına göz dağıdır, “Dəmir Yumruğun” işarəsidr.
Hər kəs bu kadrlara baxıb bilməlidir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır.
Bu təlim Laçın Zirvəsindən Qarabağı, Laçın dəhlizini izləyən, ovuc içi kimi görən Türkün aslan hərbçisinin gizli yollarla, silah-sursat daşımağa cəhd edənlərə həm də bir iltimatumudur. Özünüzü yığışdırın.
Bu təlim, həm də Türk dünyasının iki lideri – Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin Azadlıq meydanında keçirilən Zəfər Paradındakı bəyanatlarının təntənəsidir, Laçında Türkün Səsi və Gücü daha yüksək, daha güclü olacaqdır. “Ay Laçın, can Laçın. Mən sənə qurban, Laçın”.
Eşq olsun Azərbaycan və Türkiyə qardaşlığına!
Yaşasın Azərbaycan və Türkiyə hərbçiləri!
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor