
Azərbaycan xalqı 25 Oktyabr – Qubadlı Şəhəri Gününü böyük qürur və fərəh hissi ilə qeyd edir. 2020-ci ilin məhz bu təqvimində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında apardığı uğurlu hərbi əməliyyat nəticəsində Qubadlı şəhərini və rayonun bir sıra yaşayış məntəqələrini təxminən otuzillik düşmən işğalından azad etmişdir. Bu tarixi nailiyyət 44 günlük Vətən müharibəsinin gedişində Zəfərə doğru atılan ən həlledici addımlardan biri kimi tariximizə əbədi həkk olunmuşdur.
Dövlət başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi qərara alınmış və 25 oktyabr rəsmi olaraq Qubadlı Şəhəri Günü elan edilmişdir. Bu qərar azadlıq mübarizəsində canını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsinə, qazilərimizin şücaətinə və tarixi qələbəmizə göstərilən ali ehtiramın rəmzidir.
Hazırda digər azad edilmiş rayonlarımızda olduğu kimi, Qubadlıda da dövlətin xüsusi diqqəti ilə genişmiqyaslı bərpa və yenidənqurma tədbirləri gerçəkləşdirilir. Müasir infrastrukturun yaradılması, enerji təminatının bərpası, yol-nəqliyyat şəbəkəsinin qurulması və yeni yaşayış massivlərinin inşası sürətlə aparılır. Həyata keçirilən layihələr Böyük Qayıdış proqramı çərçivəsində soydaşlarımızın öz doğma torpaqlarına ən qısa zamanda, təhlükəsiz və rahat şəkildə qayıtmasına xidmət edir.
İmamverdi İsmayılov,
Milli Məclisin deputatı












































