Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ən yeni tariximizin böyük qürur doğuran səhifələrindən biri

Ən yeni tariximizin böyük qürur doğuran səhifələrindən biri


Ən yeni tariximizin böyük qürur doğuran səhifələrindən biri də Qubadlının işğaldan azad edildiyi gündür. Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür. Rəşadətli Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başlatdığı əks-hücum nəticəsində aparılan qalibiyyətli döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edilib. Bu şəhərin işğaldan azad edilməsi ilə 44 günlük müharibənin gedişində qazandığımız mühüm strateji üstünlük tam olaraq möhkəmlənib.

Hadrut, Cəbrayıl, Füzuli, Zəngilan döyüşlərində ağır məğlubiyyətə düçar olan erməni işğalçıları son ümidlərini Qubadlı döyüşlərinə bağlamışdılar. Onlar Qubadlını "alınmaz qala"ya çevirdiklərini düşünür və hesab edirdilər ki, Azərbaycan Ordusunu Qubadlıda dayandıra, hərbi əməliyyatların gedişində dönüş yarada biləcəklər. Ona görə də düşmən Qubadlı rayonunun əlverişli coğrafi mövqeyini nəzərə alaraq burada güclü müdafiə istehkamı yaratmış və bütün yüksəkliklərdə tam təminatlı döyüş mövqeləri qurmuşdu. Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi bu hesabında yanılmışdı.

Çünki Qubadlını "alınmaz qala"ya çevirmək planı erməni generallarının illüziya ilə yaşadığını göstərirdi. Onlar reallıq hissini tamamilə itirdiklərinə görə başa düşə bilmirdilər ki, bundan öncəki döyüşlər zamanı Qubadlının şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar Azərbaycan Ordusunun Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaradıb. Başqa sözlə desək, hətta bütün Ermənistan da yığışıb Qubadlı yolunu kəssəydi belə, yenə də Azərbaycan Ordusunun Qubadlı şəhərini götürməsinin qarşısını ala bilməzdi.

Burada mənəvi-psixoloji məqam da xüsusi rol oynayırdı. Ermənistanın işğalçı əsgərlərini Qubadlıya bağlayan heç bir mənəvi tellər yox idi. Bu torpaqlar onlar üçün tamamilə yad idi. Azərbaycan əsgərləri isə Vətənimizin ən önəmli parçalarından biri uğrunda döyüşdüklərinin fərqində idilər. Əsgərlərimiz Qubadlının hər qarışı uğrunda ölüm-dirim savaşına hazır idilər. Cəbrayıl, Füzuli, Zəngilan döyüşlərindəki qələbələrimizdən güc alan əsgərlərimiz Qubadlının azadlığı uğrunda əməliyyatlarda yüksək peşəkarlıq, qətiyyət və xüsusi taktiki hazırlıq nümayiş etdirərək qarşıya qoyulan vəzifələri böyük şücaətlə yerinə yetirdilər.

Beləliklə, əvvəlcə strateji yüksəkliklər, ardınca isə Xanlıq, Padar və Sarıyataq da daxil olmaqla ətraf kəndlərimiz nəzarətə götürüldü. Oktyabrın 25-də Qubadlı şəhəri düşmən işğalından azad edildi və ermənilərin "alınmaz qala" mifləri növbəti dəfə puç oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusu qarşısıalınmaz hərbi gücə çevrildiyini Qubadlı döyüşlərində də əyani surətdə nümayiş etdirdi.

Bu, bir danılmaz faktdır ki, Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda həqiqətən də olduqca şiddətli döyüşlər gedib. Çünki yuxarıda da qeyd etdiyimiz kimi Cəbrayıl, Füzuli, Zəngilan döyüşlərində darmadağın edilən düşmən sonda bütün ümidlərini məhz Qubadlı döyüşlərinə bağlamışdı. Lakin Ordumuz düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur etməyi, ağır məğlubiyyətə uğratmağı bacardı. Nəticədə, Qubadlı əməliyyatı zamanı düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edildi, Ermənistan ordusunun təşəbbüsü ələ keçirmək, dönüş yaratmaq niyyəti tamamilə puç oldu.

Oktyabrın 26-da Ali Baş Komandanımız xalqa müraciətində həm artıq bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasının sayını, siyahısını açıqladı, həm də eyni zamanda, Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhərinin və ətraf kəndlərin işğalına son qoyduğunu böyük qürur hissilə bəyan etdi. Biz qubadlılar bu tarixi günü xüsusi səbrsizliklə gözləyirdik. Ona görə də həmin gün sevincimizin həddi-hüdudu yox idi.

Şəxsən mənim özüm üçün isə Qubadlı şəhərinin və o cümlədən doğma Xanlıq kəndinin işğaldan azad edilməsi ikiqat bayram idi. Çünki mən Birinci Qarabağ müharibəsi zamanı tələbəlik həyatımı könüllü olaraq döyüş meydanı ilə əvəz etmiş, Qubadlı uğrunda, doğma kəndimizin müdafiəsi uğrunda vuruşmuşdum. İkinci Qarabağ müharibəsi bizim yarımçıq qalan missiyamızı gerçəkləşdirdi, Vətən torpaqlarının işğalına son qoydu.

Bu tarixi qələbənin qəhrəmanlarının xidmətləri dövlətimiz tərəfindən qiymətləndirilib. 2020-ci il noyabrın 26-da Prezident İlham Əliyev tərəfindən “Qubadlının azad olunmasına görə” medalının təsis edildi və Qubadlı döyüşlərində şəxsi igidlik və şücaət göstərmiş 15 209 hərbi qulluqçumuz həmin medala layiq görüldü. Eyni zamanda, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis olunması çərçivəsində, 25 oktyabr Qubadlı Şəhəri Günü elan edildi. 25 oktyabr Qubadlının işğaldan azad olunduğu gün illərlə Vətən həsrəti ilə yaşayan insanların qəlbində ümidin yenidən alovlandığı və ədalətin zəfər çaldığı gün kimi dərin iz buraxıb. Bu gün biz bu tarixi hadisəni xalqımızın yaddaşında yaşayan həm qəhrəmanlıq salnaməsi kimi, həm də ədalətin bərpasının rəmzi kimi qeyd edir, şəhidlərimizin fədakarlığını şükranlıq hissilə xatırlayırıq.

Hazırda işğaldan azad edilmiş ərazilərdə yeni həyat qurulur. Həmçinin, doğma Qubadlımızda da böyük işlər görülür. Qubadlı şəhərinin gələcək inkişafı üçün uzunmüddətli planlaşdırma həyata keçirilir. Bu gün Qubadlının dirçəlişində və gələcəyə doğru atılan addımlarda əməyi olan hər kəsə təşəkkür edirik.

Qubadlının azadlığının 6-cı ildönümünü qeyd edərkən həm də bir həqiqəti bir daha dərk edirik: Qubadlıda qazanılan Zəfər təkcə hərbi uğur deyildi, həm də ədalətin, tarixi yaddaşın və milli birliyin təntənəsi idi. Bu qələbə ilə Qubadlı öz əsl sahiblərinə qayıtdı. Bu gün artıq Qubadlıya baxanda dağıntılarla yanaşı, işıqlı gələcəyin üfüqləri də aydın görünür. Burada aparılan bərpa və quruculuq işləri - yol infrastrukturu, energetika layihələri, yaşayış məhəllələri, sosial obyektlər və digər mühüm tədbirlər Qubadlının yaxın illərdə müasir, abad və rahat bir şəhərə çevriləcəyindən xəbər verir. Bu, həm dövlətimizin gücünün, həm də xalqımızın quruculuq əzminin bariz nümunəsidir.

Qubadlı bu gün yalnız bir coğrafi məkan deyil, həm də milli qürurumuzun, müqavimətimizin və yenilməzliyimizin simvoludur. Ona görə də Qubadlıya baxanda biz təkcə bir şəhəri deyil, bütöv bir tarixi, bir müqəddəs mübarizəni və Zəfərlə nəticələnən Vətən sevgisini görürük. Bu baxımdan, Qubadlının azadlığı gələcək nəsillərə də mühüm bir mesaj verir: xalq öz torpağına sahib çıxanda, dövlət öz gücünü qətiyyətlə ortaya qoyanda və ordu xalqla bir yumruq kimi birləşəndə ən çətin görünən hədəflər də gerçəyə çevrilir.

Qubadlı Şəhəri Günü təkcə bir təqvim tarixi deyil, həm də milli yaddaşımızda əbədi yaşayacaq Zəfər günlərindən biridir. Bu əlamətdar gündə bir daha bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, ordumuza yenilməzlik və xalqımıza daim sülh arzulayıram.

Əziz Qubadlı sakinlərini və bütün Azərbaycan xalqını 25 Oktyabr - Qubadlı Şəhəri Günü münasibətilə ürəkdən təbrik edirəm! Qoy, bu torpaqda doğulan hər bir insan öz yurdunun azad bu günü və işıqlı gələcəyi ilə qürur duysun! Doğma Qubadlımızda görülən işlər bütün Qarabağda və Şərqi Zəngəzurda sülhün, inkişafın və rifahın möhkəmlənməsinə xidmət etsin, Zəfərin və Böyük Qayıdışın ən möhtəşəm səhifəsinə çevrilsin!

Şəhər Günün mübarək, əziz Qubadlı!

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş