
25 Oktyabr – Qubadlı şəhəri günü xalqımızın tarixi yaddaşında xüsusi yer tutan, Azərbaycanın ərazi bütövlüyünün bərpasını və milli iradəsinin təntənəsini əks etdirən əlamətdar gündür. Bu tarix xalqımızın Vətən sevgisinin, ordumuzun qəhrəmanlığının və dövlətimizin qətiyyətli siyasətinin parlaq ifadəsidir.
2020-ci il oktyabrın 25-də Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Qubadlı şəhəri işğaldan azad edildi. Strateji əhəmiyyətə malik olan Qubadlının azad olunması 44 günlük Vətən müharibəsinin gedişində mühüm dönüş nöqtələrindən biri oldu və Azərbaycanın tarixi Zəfərinə gedən yolu daha da möhkəmləndirdi.
Qubadlı uzun illər işğal altında qalaraq böyük dağıntılara və ağır faciələrə məruz qaldı. Rayonun yaşayış məntəqələri, evləri, sosial və mədəni obyektləri dağıdıldı, minlərlə soydaşımız doğma yurdlarından didərgin düşdü. Lakin xalqımızın doğma torpaqlara qayıtmaq inamı heç vaxt sarsılmadı. Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etməklə yanaşı, işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasını və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını əsas prioritetlərindən birinə çevirdi.
Bu gün Qubadlıda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Şəhərin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş planın təsdiqlənməsi, yeni yaşayış məhəlləsinin inşası, Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulması, elektrik enerjisi və yol infrastrukturunun inkişafı rayonun gələcəyinə hesablanmış mühüm addımlardır. Qubadlıda yaradılan müasir infrastruktur və həyata keçirilən layihələr bu qədim diyarın iqtisadi potensialının reallaşdırılmasına, əhalinin dayanıqlı məskunlaşmasına və bölgənin sosial-iqtisadi inkişafına xidmət edir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri Azərbaycanın gücünü, dövlətimizin öz vətəndaşlarına diqqətini və tarixi torpaqlarımızın dirçəldilməsi istiqamətində nümayiş etdirdiyi qətiyyəti göstərir. Qubadlıda yeni yaşayış məhəllələrinin salınması, kəndlərin bərpası və mühüm infrastruktur layihələrinin həyata keçirilməsi doğma yurda qayıdışın real nəticələridir.
25 Oktyabr – Qubadlı şəhəri günü bizə Vətən uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığını, qazilərimizin fədakarlığını və xalqımızın birliyini bir daha xatırladır. Qubadlının azadlığı uğrunda mübarizə aparan bütün qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə cansağlığı arzulayıram
Fatma Yıldırım,
Milli Məclisin deputatı












































