Newscenter.az.13.09.2021. İran 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana hər cür yardımlar etmiş və bu tendensiya indi də davam etməkdədir.
İstər 27 sentyabr 2020-ci ildə Ermənistan tərəfindən başladılmış II Qarabağ savaşı dövründə, istərsə də 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli atəşkəs bəyannaməsindən sonra da İranın Ermənistana yardımları davam etməkdədir. Təbii ki, İranın "xeyirsevərliyi" bununla bitmir, eyni zamanda 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyannaməyə əsasən müvəqqəti olaraq rus "sülhməramlıları"nın nəzarət etdiyi ərazilərdə hələ də varlığını sürdürməyə çalışan qondarma rejimə də dəstəklərini davam etdirməkdədir.
1 ayın statistikasına əsasən İrana məxsus 58 yük maşını Laçın koridoru vasitəsi ilə Azərbaycanın Qarabağ ərazisinə qeyri-qanuni giriş edib. Görünən odur ki, İranlı rəsmilər qoşu dövlətin ərazisinə qeyri-qanuni daxil olmağı unudub, Azərbaycan və Türkiyənin Xəzər dənizində birgə təşkil etdiyi hərbi təlimlərə köklənməyə başlayıb.
Azərbaycanın ərazi bütövlüyünü pozaraq qeyri-qanuni şəkildə Qarabağa yük daşıyan İran İslam Respublikası XİN mətbuat katibi Səid Xatibzadə deyir ki, Türkiyənin Xəzər dənizindəki hərbi varlığı qeyri-qanunidir.
Keçrilən təlimlərlə bağlı açıqlama verən Xətibzadə əlavə edib ki, “Türkiyə və Azərbaycanın Xəzər dənizində keçirdiyi təlimlərlə bağlı bunu demək istərdim ki, Xəzər dənizinin hüquqi statusuna aid anlaşmaya görə, sahilyanı 5 dövlətdən başqa heç bir kənar ölkənin burada ordusu olmamalıdır və qadağandır. Türkiyənin Xəzər dənizindəki hərbi varlığı qeyri-qanuni sayılır. Biz bu məsələni Xarici İşlər Nazirliyi olaraq araşdırırıq”.
Xətibzadənin söylədiyi fikirlərə cavab olaraq bildirmək istərdim ki, Azərbaycan İrandan fərqli olaraq heç bir dövlətin ərazi bötövlüyünə hörmətsizlik etmir və heç bir dövlətin ərazi bütövlüyünü qeyri-qanuni şəkildə pozmur. Xəzərdə hərbi təlimlərin keçrilməsinə gəlincə, Azərbaycan öz ərazilərinə daxil olan dəniz qoşunlarında da hərbi təlimlər keçir və buna görə də kiməsə hesabat vermək yaxud da kimdənsə icazə almaq məcburiyyətində deyil.
Azərbaycan və Türkiyə digər ordu növlərində olduğu kimi dəniz sularında da hərbi təlim keçirmək hüququna malikdir.
Əgər İran araşdırma aparmaq niyyətindədirsə, öncə öz maşınlarının niyə qeyri-qanuni yollarla Azərbaycanın Qarabağ bölgəsinə girişini araşdırsın.
Samir Hümbətov-siyasi şərhçi