Newscenter.az.14.09.2021. Mətbuatda yayılan məlumatlara görə sosial şəbəkələrdə, xüsusilə Instagram platformasında istifadəçiyə mesaj göndərərək onu daha əvvəl iştirak etdiyi “giveaway” kampaniyasında qalibi olması və uduşun çatdırılması üçün bank hesabına ödəniş etməsi barədə məlumatlandıran saxta səhifələr meydana çıxır. İnternetdəki bu cür fırıldaq sxemlərini biz skam olaraq təsnif edirik.
Skam – istifadəçiyə səxavətli pul mükafatları təklif edilən onlayn fırıldaqçılıq növüdür. Pulu əldə etmək üçün kiçik bir komissiya ödənişi istənilir. Komissiya təcavüzkarlara çatır, qurban isə əliboş qalır. Əgər istifadəçi ödəniş üçün kart məlumatlarını daxil edirsə, bu zaman onların təhlükəsizliyini də riskə atmış olur.
“Təcavüzkarlar insanların heç bir əziyyət çəkmədən öz cüzdanlarını doldurmaq istəyindən tez-tez sui-istifadə edirlər. Skamerə sadəcə potensial qurbanda maraq oyatmaq, onun ayıq-sayıqlığını yox etmək, çaşdırmaq lazımdır ki, ondan kiçik məbləğdə pul vəsaiti tələb olunan mərhələdə istifadəçi artıq hipnoz olunmuş olsun və ödənişdən imtina etməsin. “Komissiya” ödənişi haqqında istək dərhal meydana çıxmır, o istifadəçi artıq qazandığı pulları hara xərcləyəcəyi barədə düşünməyə başladığı mərhələdə meydana çıxır”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.
Skam böyük şirkətlər tərəfindən keçirilən sorğu və ya aksiyalar şəklində görünür. Bundan başqa, skamerlər məşhurların keçirdiyi lotereyaların uduşsuz oxşarını yaradırlar. Bununla da, son dövrlərdə onların fəaliyyətlərinin miqyası genişlənib: indi skamerlər elektron poçtla yanaşı sosial şəbəkələr, video xidmətlər, bloqlar və s. kimi digər platformalardan da istifadə edirlər.
Kaspersky əsas təhlükəsizlik qaydalarını xatırladır:
• məktublar, messencer ismarışları və SMS-lərdəki şübhəli linkləri açmayın;
• əgər bu və ya digər aksiyada iştirak etmək istəyirsinizsə, öncə mütləq bu aksiyanın həqiqətən də hər hansı şirkət və ya məşhurun keçirdiyini yoxlayın: bunu rəsmi saytda və rəsmi sosial şəbəkə hesablarında öyrənə bilərsiniz;
• aktual fişinq və spam saytları bazasına malik etibarlı qoruma həlli quraşdırın;
• yadınızda saxlayın, əgər təklif gerçək olmaq üçün həddən artıq cəlbedicidirsə, o, çox güman ki saxtadır.