Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sədaqət Vəliyeva: Prezident İlham Əliyev fəaliyyəti ilə xalqa xidmətin nümunəsini təqdim edir



Newscenter.az.15.09.2021. "Cənab İlham Əliyev ötən 18 il ərzində verdiyi bütün vədləri yerinə yetirməklə yanaşı, atdığı addımlarında da hər bir azərbaycanlının Prezidenti olduğunu isbatlayır. Bu gün də Prezident İlham Əliyev fəaliyyəti ilə xalqa xidmətin nümunəsini təqdim edir. Bir dövlət rəhbərinin ad gününü qaçqın və məcburi köçkün vətəndaşları, şəhid ailələri, qazilər ilə birgə qeyd etməsi, bayram və matəm günlərində də insanlarla bərabər olması onun xalqına olan münasibətinin səmimiliyindən irəli gəlir. Bu baxımdan da Prezident İlham Əliyev atdığı addımlar və gördüyü işlərlə dövlətçiliyin, müstəqilliyin möhkəmləndirilməsi və ölkənin inkişafı üçün siyasi-mənəvi keyfiyyətləri də məmurlara aşılayır”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, dövlət başçısı İlham Əliyevin ötən gün Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən məmurlara verdiyi tövsiyələr və etdiyi xəbərdarlıqlardan hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır:

“Prezident İlham Əliyev özünü xalqın birinci xidmətçisi adlandırmaqla məmurlara bir daha xəbərdarlıq edir ki, onlar yüksək etimadı doğrultmalı, xalqla bir yerdə olmalı, onların qayğıları ilə yaşamalı, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Dövlətimizin başçısı qeyd edib ki, heç kim qanundan yuxarı dayana bilməz və burada hər kəs qanun qarşısında bərabərdir. Heç kimdə immunitet yoxdur və ola bilməz. Hər kəs bilməlidir ki, heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməz. Dövlət məmuru nümunə olmalıdır, yerlərdə insanların dolanışığı, insanların rahatlığı dövlət məmurunun fəaliyyətindən asılıdır. Onlar elə işləməlidirlər ki, daim insanlarla bir yerdə olsunlar”.

“Azərbaycanın inkişafı və ictimai-siyasi vəziyyətin müsbət istiqamətdə inkişafı bütün dünyada gedən böhranlardan asılı olmayaraq, bizim böyük sərvətimizdir” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, bu sərvətin qorunub saxlanılması hər bir azərbaycanlının mənəvi, məmurların isə həm də vəzifə borcudur:

“Çünki, məmurlar dövlətin həyata keçirdiyi siyasətin yerlərdəki icraçılarıdır. Bu mənada, vəzifəli şəxslər xalqın qayğıları ilə maraqlanmalı, onların qarşılaşdıqları problemlərin həll edilməsinə maksimum dərəcədə köməklik göstərməlidir. Hər bir ölkənin inkişaf səviyyəsinin əsas göstəricilərindən birini də vətəndaş-məmur münasibətlərinin və xalqa xidmətin səviyyəsi təşkil edir. Artıq Prezident İlham Əliyev bu münasibətlərdə nümunə təqdim edir. Məmurlar da dövlət başçısından nümunə götürməli və göstərilən etimadı doğrultmalıdır. Məmurlar dövlət başçısının iş prinsipindən bir proqram kimi istifadə edib, öz fəaliyyətini vicdanla, yüksək səviyyədə təşkil etməlidirlər".

Ruhiyyə
Xəbəri paylaş