Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hökumətin tarif siyasəti sosial baxımdan ədalətsizdir



Newscenter.az.16.10.2021. Kommunal tariflərin artımı ilə bağlı son 15 ildə səslənən ənənəvi arqumentləri hamınız bilirsiniz.
Məsələn, qaz ölkəsində qaz daha ucuz olmalıdır, başqa ölkələrlə müqayisə aparanda tariflərin səviyyəsinə görə deyil, əhalinin gəlirləri nöqteyi-nəzərindən müqayisə aparın, kommunal idarəçiliyi şəffaflaşdırmadan, xərclərin səmərəliliyini təmin etmədən tarif artımı gözlənilən iqtisadi səmərəni verməyəcək və s.

Həmin arqumentlərin hamısı haqlıdır.

Amma daha vacib olanlardan biri də budur: ölkədə yoxsulluğun və işsizliyin real miqyasını ölçən mexanizmlər yoxdur ki, bütün gerçək yoxsular və işsizlər zəruri sosial müdafiə mexanizmləri vasitəsilə bu cür qiymət artımlardan qoruna bilsinlər.

Son 4 ayda təbii qazın qiyməti orta hesabla 50%-ə, suyun qiyməti 2 dəfəyə, elektrikin qiyməti isə 20%-ə yaxın artdı.

Pis-yaxşı müavinət-maaş pensiya alanları bir kənara qoyuram (hərçənd ki, onların da böyük əksəriyyəti də işləyən-pensiya alan yoxsullardır), on minlərlə real işsiz və yoxsul insan bu sosial sarsıntılardan necə qorunacaq? Hansı sosial müdafiə mexanizmləri onlara dəstəyin yolunu açacaq?
Dəfələrlə deylib ki, Azərbaycan 2005-ci ildən sonra böyük neft bumu nəticəsində əldə etdiyi nəhəng gəlirlər sayəsində zəngin dövlətə çevrildi, Dünya Bankınını təsnifatında orta aşağı gəlirli ölkədən orta yuxarı gəlirli ölkəyə çevrildi, amma yoxsulluğu ölçən standart və normativlər hələ də 2005-2006-cı illərdə qalıb.

0.1 ha torpağı olanı da, 10 ha torpağı olanı da eyni dərəcədə işləyən, yoxsul olmayan vətəndaş sayırsınız. Bu ölkədə on minlərlə ailə, yüz minlərlə vətəndaş bir həyətyanı torpaq sahəsi boyda pay torpağı almaq hesabına özünü nə gerçək işsiz, nə gerçək yoxsul kimi hökumətə tanıda bildi.
Ölkədəki sosial müdafiə sisteminin hazırkı vəziyyəti, gizli işsizliyin və yoxsulluğun geniş miqyası baxımından hökumətin tarif siyasəti sosial baxımdan ədalətsizdir.

Hökumət "qamçı-kökə" siyasətində kökəni birdəfəlik unudub. İndiki halda bu kökə rolunu şəffaf, inkluziv və ədalətli sosial müdafiə sistemi oynaya bilərdi - tarif qamçısını xeyli zərərsizləşdirməklə.

Amma istifadə elədikləri yalnız qamçıdır - o da yoxsul insanların başına dəyir.

Rövşən Ağayev-iqtisadçı ekspert
Xəbəri paylaş