Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın Azərbaycana daim başağrısı olacağı artıq görünməkdədir



Newscenter.az.30.10.2021. Ermənistanın bir daha Azərbaycana heç vaxt ciddi rəqib ola bilməyəcəyi bəlkə də inandırıcıdır, amma onun daim başağrısı olacağı artıq bu gün görünməkdədir. 44-günlük müharibədəki fəlakətli hərbi məğlubiyyətdən sonra ən azı 2 ölkə onu ayağa qaldırmağa çalışır: Fransa və Rusiya.

Bu yerdə məntiqlə düşünmək olardı ki, söhbət həmin ölkələrin Ermənistana böyük investisiyalarından, yardımlarından, texnoloji dəstəyindən gedir. Amma görünən tamamilə fərqli "məntiqdir": Rusiya və Fransa var gücü ilə ermənilərin sın(dırıl)mış qürurunu bərpa etməyə çalışır. Bizə çoxdan bəlli olan məlum metodlarla əlbəttə.

Qədim xalq, min illər əvvəlin məbədləri, əzabkeş ermənilər, Sasunlu David, ilk xristian dövləti, Nuhun bacısı oğlu Haykdan törəmiş müstəsna millət və yüzlərlə belə nağıllar. Bütün bunlar da bir daha sübut edir ki, Ermənistandan və ermənilərdən alət kimi istifadə etmək ənənəsi nəinki tarixə qovuşmayıb, hətta bir qədər də irəliyə - gələcəyə getməkdədir.

44-günlük müharibənin ardınca yağışdan sonra göbələk kimi peyda olan erməni YouTube kanalları hər gün saatlarla ermənilərə məhz bunları aşılayır. Burda da ən sadə arqumentlərdən geninə-boluna istifadə olunur. Məsələn, müharibəni erməni xalqı yox, Ermənistan hakimiyyəti uduzub, məğlub olan qəhrəman erməni əsgərləri yox, satqın generallardır və s.

Sanki döyüş meydanından qaçan, fərarilik edən minlərlə erməninin hamısı baş nazir və ya general imiş. Səbəbindən və səbəbkarından asılı olmayaraq məğlub xalq durumuna düşmək ağır yükdür əlbəttə. Bunu kim də bilməsə biz çox yaxşı anlayırıq. Amma əsas odur ki, bunu bilərək onun kompleksini yaşamayasan, keçmişdən ayrılıb gələcəyə baxa biləsən.

Amma görünən budur ki, erməni xalqını zorla elə özünün də həvəs göstərdiyi keçmişə sürüyürlər. O mücərrəd, bəlkə də heç zaman olmamış keçmişə ki, ondan nəticə çıxarmaq çox çətin olacaq. Xüsusilə də bircə il əvvəlki tarixindən düzgün nəticə çıxara bilməyənlər üçün. Bəlkə də ermənilərin keçmişə ilişib qalması bizim üçün bir şans, imkan olardı.

Bəlkə də, amma bu, yalnız o zaman mümkün olardı ki, biz onlardan fərqli olaraq gələcəyə baxa bilək, minillik erməni nostaljisinə uymayaq. Bu mənada bizim vəziyyətimiz daha ağırdır, çünki hələ hansı səmtə gedəcəyimizi nə müəyyən edə, nə də buna qərar verə bilmirik. Qalmışıq irəli-geri boylana-boylana.

Bir tərəfdən bizi gələcəyə aparmalı olan başbilənlərimizin gələcək adına gördükləri ən yaxşı halda burunlarının ucudur, digər tərəfdən isə keçmişdə qalmış (və ya böyük dövlətlər tərəfindən zorla saxlanılan) qonşularımız tərəfindən israrla onların məkanına - keçmişə çəkilirik.

Keçmiş sadəcə rəqəm mənasında tarix deyil və onun tamamilə inkarı da uğurlu yol ola bilməz. Keşmiş, tarix gələcəyin təməli rolunu oynaya bilər və bir çox ölkələrin təcrübəsində bu rolu oynayıb da. Amma keçmişə çox bağlanmağın da öz təhlükəli çıxarları ola bilər. Xüsusilə də gələcəyini keçmişdə axtaranda.

Ərəstun Orculu-"Şərq-Qərb" Analitik Mərkəzinin rəhbəri
Xəbəri paylaş