Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Uşaqlara qarşı zorakılıq faktları ilə bağlı məsuliyyət növlərinin qəbul edilməsinə ehtiyac var



Newscenter.az.30.10.2021. 11 yaşlı qızın zorakılığa məruz qalması faciədir. Əfsuslar olsun ki, biz müuasir dövrdə belə cinayət hallarına rast gəlirik. Əlbəttə baş vermiş hadisə öz-özlüyündə bir neçə vacib məsələni qabardır. Birinci, 11 yaşında qızın fiziologiyasında, davranışlarında dəyişiklik baş verir və ailə üzvləri bunu hiss etmir, narahat olmur.

Adətən analar övladında hər hansı dəyişikliyi, problemi hər kəsdən əvvəl görməli, duymalıdır. Ancaq baş vermiş hadisədə biz bunun əksini görürük. Həm Ailə Məcəlləsində, həm də” Uşaq hüquqları haqqında” Qanunda bir mənalı olaraq valideynin vəzifə və öhdəlikləri qeyd olunub. Ailə Məcəlləsində göstərilir ki,valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (58.2 maddə). Həmin Məcəllənin 60.2-ci maddəsində isə qeyd olunur ki, valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz.

Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Müvafiq olaraq valideyn məsuliyyəti ilə bağlı digər qanunvericilik aktları mövcuddur. Lakin baş vermiş bu hadisə bir daha valideyn məsuliyyətinin artırılması və tətbiq olunan sanksiyaların sərtləşdirməsi məsələsini aktuallaşdırır. Digər tərəfdən 11 yaşlı uşaq həm də məktəblidir. Uşağın dərsə davamiyyəti, hazırlıq səviyyəsi, psixoloji durumu müəllim, məktəb psixoloqunun diqqətini cəlb edə bilməməsidir. Ona görə də biz dəfələrlə bu məsələni səsləndiririk ki, məktəb psixoloqlarının sayının artırılmasına, onların bilik və bacarıqlarının yüksəldilməsinə ehtiyac vardır.

Baş vermiş bu hadisə əlbəttə ki, həm zorakılıq, həm də cinayət hadisəsidir. Hüquq-mühafizə orqanları istintaq araşdırmaları aparır, cinayətkar cəzasını alacaqdır. Ancaq bu məsələ məişət zorakılığı hallarının kriminallaşdırılması məsələsini aktuallaşdırır. Uşaqlara qarşı zorakılıq faktları ilə bağlı məsuliyyət növlərinin qəbul edilməsinə ehtiyac var. Xüsusilə cinsi zorakılıq faktları ilə bağlı. Burada qorxuducu və ağırlaşdırıcı faktlarla yanaşı, azadlıqdan məhrumetmə, əmlakın müsadirə edilməsi və s. əhatə edilməlidir. Artıq böyüklər uşaqlara qarşı zorakılıq törətmək istəsələr, ilkin növbədə bu məsuliyyəti düşünməlidirlər. Məsələn; Rusiya Federasiyası Dövlət Dumasının ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin təklifləri əsasında parlamentə pedofillər üçün ömürlük həbs nəzərdə tutan qanun qəbul olunub, O cümlədən, RF CM-in 78-ci maddəsinə əlavə olaraq uşaqlara qarşı törədilən cinayət açılmadıqda müddət köhnəliyi bitməyəcək. Bu da cinayət əməlini törədib qaçmaq istəyənlər üçün əngəl olacaq məsələdən biridir.

11 yaşında çox böyük mənəvi, psixoloji, fiziki və fizioloji zorakılığa məruz qalan uşağın sonrakı taleyi, aldığı travmaların müalicəsi, onun reabilitasiyası uzun sürən bir prosesdir. Əlbəttə ki, hamımız düşünməliyik ki, bu halların qarşısını almaq üçün hər birimiz məsuliyyət daşıyırıq.

Hicran Hüseynova-Milli Məclisin deputatı
Xəbəri paylaş