Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Erməni cinayətləri şahidlərin dili ilə



Newscenter.az.20.02.2022. İşğalçıların Azərbaycan xalqına vurduğu zərbələr hələ bir neçə onilliklər ərzində on minlərlə ailənin, Azərbaycan vətəndaşının yaşam tərzində öz mənfi nəticələrini göstərəcək. Çünki, toplanan faktlar sübut edir ki, erməni neonasizmi bütövlükdə insaniyyətə qarşı yönəlib və azərbaycanlılara qarşı törədilən vəhşiliklər bu istiqamətdə nümunə rolunu oynayır. Təkcə Ağdam rayonu üzrə toplanmış faktlar insanlıq simasını itirmiş düşmənin qeyri-insani təbiətinin nə qədər alçaq çalarlara malik olduğunu ortaya qoyur. Bu faktlar nəinki azərbaycanlıların, milliyyətindən asılı olmayaraq bütün şüurlu varlığın ermənilərin vəhşiliyinə nifrət etməsini əsaslandırır.

İlkin faktlardan məlum olur ki, QAT-ın “İkinci Qarabağ müharibəsindən sonrakı vəziyyət, insan faciələri, dağıntılar, dinc əhaliyə dəyən zərər” adlı layihəsi bu günün ən ağrılı problemlərindən birinin beynəlxalq müstəvidə işıqlandırılması üçün ciddi aktuallıq kəsb edir. Belə ki, dünya ictimaiyyəti bu faktları bilməsə, erməni vandalizminin qarşısının alınması üçün haqq səsini ucaltmasa, insanlığa qarşı yeni faciələrin “çiçəklənməsi” davam edə bilər. “Vəhşi erməni xisləti” artıq dünya siyasətinin ən ciddi problemlərindən birinə çevrilməkdədir və hərb cəbhəsində olduğu kimi mənəvi-siyasi aspektdə də bu mühüm vəzifə Azərbaycan xalqının, dövlətinin və ictimai təşkilatlarının öhdəsinə düşür. QAT bu işdə maksimum səy göstərən və mübarizə aparan qurumlar siyahısındadır.

Newscenter.az xəbər verir ki, təşkilatın sədri və layihənin rəhbəri Akif Nağının başçılıq etdiyi faktaraşdırıcı missiya II Qarabağ müharibəsində ermənilərin atəşə tutduğu mülki obyektlərin bərpası və ya yenidən tikilməsi üzrə Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, habelə dağıntılara məruz qalmış evlərin sahiblərinin həyata davam etmələrinin xarakterik xüsusiyyətləri barədə faktları səylə toplamağa davam edirlər. İlkin faktlar göstərir ki, bəzi ailələr bir yox, bir neçə dəfə erməni vandalizminin qurbanına çevrilib. Məsələn, Ağdam rayonunun Baharlı qəsəbəsində yaşayan Elçin Həsənovun ailəsi hələ I Qarabağ müharibəsi zamanı Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilmiş Güllücə kəndindən qaçqın düşüb və Azərbaycan hökumətinin qayğısı nəticəsində məcburi-köçkünlər üçün tikilmiş Baharlı yaşayış massivində rahat evlə təmin olunub. Ancaq II Qarabağ müharibəsində Azərbaycan ordusuna ciddi müqavimət göstərə bilməyib, işğal edilmiş torpaqlarımızdan qaçmağa məcbur olan düşmən dərhal özlərinə məxsus xislətlə mülki əhalini hədəfə alıb və yaşayış məntəqələrini atəşə tutub. Elçin Həsənovun evi bu dəfə məcburi-köçkünün yurdu statusunda ikinci dəfə dağılıb. Xoşbəxtlikdən E.Həsənov məhz Azərbaycan dövlətinin vətəndaşı olduğu üçün diqqətdən kənarda qalmayıb. Həmişə öz vətəndaşının yanında olan dövlətimiz onun ailəsi üçün yenidən ev tikib və ailə öz həyatına davam edir.

Çıraqlı kənd sakini Səfər Məmmədovun evi 1992-ci ildən bu yana 3 dəfə ermənilər tərəfindən dağıdılıb və hər dəfə də dövlət tərəfindən bərpa olunub. Ancaq II Qarabağ müharibəsi zamanı evə bir neçə top mərmisinin düşməsi nəticəsində evin bərpası yox, tamamilə sökülüb yenidən tikilməsi ehtiyacını yaradıb. Dövlət yenə də öz vətəndaşının rifah halını əsas götürərək evi yenidən, həm də müasir arxitektura və dizaynda yenidən tikib. Eynilə həmin evin qonşuluğunda yerləşən Elman Məmmədovun evi də mərmi partlayışı nəticəsində bərbad hala düşüb və dövlət tərəfindən yenidən tikilərək sahibinə verilib. E.Məmmədovun oğlu Cavid II qarabağ müharibəsinin iştirakçısıdır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda formalaşmış “dəmir yumruq” birliyi dövlət və vətəndaş həmrəyliyinin beynəlxalq nümunəsi kimi örnəyə çevrilib və ölkəmizin sürətli iqtisadi və mənəvi inkişafının faktorlarından birini təşkil edir. Layihə çərçivəsində toplanan faktlar bu fikri aşkar şəkildə təsdiqləyir.

QAT-ın yeni layihəsinin həyata keçirilməsi gedişində işğaldan əziyyət çəkən əhalinin bəzi yeni ehtiyaclarının yaranması da üzə çıxarılır. Məsələn, I Qarabağ müharibəsində işğalçı erməni ordusuna qarşı fədakarlıqla vuruşmuş və güllə yarası alaraq əlil olmuş Kamil Nəbiyevin yeni, daha müasir əlil arabasına ciddi ehtiyacı var. Cəsur döyüşçü indiyədək 16 dəfə əməliyyat olunub və hələ iki dəfə də əməliyyat olunması gözlənilir. Cəsur döyüşçü öz problemlərini qabartmasa da, QAT üzvləri onun ehtiyaclarını öyrəndilər və layihə üzrə hazırlanan hesabatda bu, əks olunacaq.

Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən layihə davam edir və işğalçı ermənilərin digər yaşayış məskənləri üzrə dağıtdıqları mülki obyektlər üzrə də ictimaiyyətə məlumatlar çatdırılması təmin olunacaq.

Mehman
Xəbəri paylaş