Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

31 Mart soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir

31 Mart soyqırımı  bəşər tarixində ən qanlı faciələrdən biridir


Newscenter.az.31.03.2022. Daha əvvəl Qafqaz xalqları sırasında olmayan ermənilərin indiki Ermənistan adlanan əraziyə yayılmaları mürəkkəb bir tarixə malikdir. Qonşu xalqların torpaqlarını zəbt edərək “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədi güdən ermənilər tarix boyunca soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Bu soyqırım hadisələrinin ən dəhşətlilərindən biri də daşnak-bolşevik silahlı dəstələri tərəfindən 1918-ci ilin mart-aprel aylarında qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə kütləvi şəkildə qətlə yetirilmiş, işgəncələrə məruz qalmışdır. Bir çox qədim binalar, tarixi abidələr, o cümlədən ziyarətgahlar, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binası top atəşinə tutaraq dağıdılmışdır. Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri tərəfindən 30 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuşdur.

Bu soyqırımı hadisəsi tək Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biri hesab olunur. Bu faciədə dinc, silahsız türk-müsəlman əhali ilə yanaşı, minlərlə ləzgi, tatar, talış, avar, kürd və digər xalqların nümayəndələri, o cümlədən uşaqlar, qadınlar, qocalar etnik mənsubiyyətlərinə görə amansızcasına qətlə yetiriliblər. Ermənilər uşaqlara acımadıqları kimi yaşlılara və gənc qadınlara da rəhm etməyiblər.

Planlı şəkildə Azərbaycan xalqına qarşı törədilmiş bu kütləvi soyqırımı faciəsində “Daşnaksutyun” partiyasının iştirakı danılmazdır. Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsinin iştirak etdiyi soyqırımında dinc sakinlərin yaşadığı məhlələrə qəflətən basqınlar edilərək uşaqdan böyüyədək hər kəs qətlə yetirilmişdir. Bu bir daha onu göstərir ki, Bakı Soveti əslində daşnakların və erməni zabitlərinin rəhbərlik etdiyi cinayətkar hərbi-siyasi rejim idi.

Bu faciədə öz miqyasına, qurbanların sayına və vurduğu maddi-mənəvi ziyanın ölçüsünə görə Şamaxı və Quba hadisələri ayrıca yer tutur. Yerli tədqiqatçılarımızın apardığı araşdırmalara əsasən Şamaxı qırğınları zamanı ermənilərin tərəfindən 15 mindən çox dinc sakin öldürülüb, 18 min nəfərdən çox insan öz yurd-yuvasından didərgin düşüb, bütün məscidlər, tarixi abidələr yerlə-yeksan edilib, şəhərin məşhur Cümə məscidi oraya sığınmış uşaqlar, qadınlar və qocalarla birlikdə yandırılıb. Quba qırğınları zamanı isə qətlə yetirilmiş insanların sayının 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır. Araşdırmalar zamanı məlum olan faktlar göstərir ki, öldürülmüş insanların baş nahiyəsindən balta ilə vurub sonra xəncərdən istifadə etməklə başı bədəndən ayırıblar. Öz vəhşi əməllərindən əl çəkməyən ermənilər bəzi insanları başına mismar vurmaqla qətlə yetirmişlər. Bu qırğınlar zamanı öldürülən insanlar su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülmüşdür.

Müstəqillik illərindən sonra Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart Soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya çatdırılması işinə başlanılmışdır. Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 1998-ci il martın 26-da Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Fərman imzalamışdır. Ümummilli lider Heydər Əliyev 31 mart - “Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar deyib: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”. İmzalanmış bu Fərmandan sonra 1918-ci il soyqırımı hadisələrinin öyrənilməsi istiqamətində xüsusi işlər görülmüş, çoxlu əsərlər yazılaraq xarici dillərə tərcümə olunmuşdur. Həmin Fərmanın icrasının davamlı şəkildə həyata keçirilməsi məqsədilə Ulu Öndər Heydər Əliyev tərəfindən 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq edilmişdir.

Quba soyqırımı məzarlığı 2007-ci ildə şəhərdə stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri zamanı aşkar edilib. Məzarlıqda 500-dək insan kəlləsi var. Bu insanların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı zamanı öldürüldüyü sübuta yetirilib. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“-nin yaradılması və abadlıq işlərinin aparılması barədə qərar vermişdir. Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş həmin Memorial kompleks 2013-cü il sentyabrın 18-də açılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalanmışdır. Bu sərəncamın imzalanmasında əsas məqsəd 100 il əvvəl Erməni-bolşevik silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlar barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha ətraflı çatdırılması idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diplomatiyalar nəticəsində Ermənistanın dövlət səviyyəsində yeritdiyi terrorçuluq və hərbi təcavüz siyasəti ifşa olunur, Azərbaycanın haqq səsi daha ucadan eşidilir.

Ceyhun Məmmədov-Milli Məclisin deputatı
Xəbəri paylaş