Paytaxt məktəbində şəhidlərin xatirəsini əbədiləşdirmək üçün inşa olunmuş bulağın açılış mərasimi keçirilib.
Newscenter.az xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə Bakı şəhəri 93 nömrəli tam orta məktəbdə yaradılmış bulağın açılış mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Nərimanov Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Elgin Həbibullayev, BŞTİ və Nərimanov RİH-in nümayəndələri, şəhidlərin ailə üzvləri və yaxınları, müəllimlər, şagirdlər və KİV nümayəndələri iştirak ediblər.
Tədbir Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva məktəbin təşkilatçılığı ilə ərsəyə gələn şəhid bulağının yaradılmasını onlara olan sonsuz ehtiramın kiçik bir nümunəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, hər bir Azərbaycan vətəndaşı Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı tanımalıdır. Bu işdə təhsil müəssisələrinin mühüm rolu olduğunu deyən M.Vəliyeva məhz şagirdlərə vətənpərvərlik tərbiyəsinin aşılanmasının nəticəsi olaraq 44 günlük Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gənclərinin göstərdiyi şücaətin 30 illik Qarabağ həsrətinə son qoyduğunu söyləyib.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev qəhrəman Vətən oğullarının, şəhidlərimizin döyüş yolunun, göstərdikləri şücaətin hər bir gəncə örnək olduğunu vurğulayıb. E.Həbibullayev şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək üçün belə təşəbbüslərin əhəmiyyətindən bəhs edib.
Tədbirdə çıxış edən şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Daha sonra tədbirdə məktəblilərin ifasında vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiyalar nümayiş olunub.