“YAŞAT” Fondu tərəfindən 2021-ci ilin fevral ayından etibarən müalicə məqsədilə 167 qazimiz Türkiyə Respublikasına göndərilib. Onlardan 129-u sağalaraq Vətənə qayıdıb. 38 qazimizin müalicəsi Fondun nəzarəti altında davam etdirilir.
Newscenter.az Fonda istinadən xəbər verir ki, Türkiyəyə göndərilən hər bir qazimizin müalicəsi ilə bağlı rəy mütəxəssislər tərəfindən verilir. İcra olunmalı əməliyyatların və ya müalicə prosesinin ölkəmizdə keçirilməsi mümkün olmadıqda Türkiyə təcrübəsinə müraciət edilir. Ölkə xaricində müalicə həkim rəyi ilə müəyyən edildiyi kimi, geri dönüş və müalicənin davamının necə olacağı da yenə mütəxəssislərin rəyinə uyğun şəkildə həyata keçirilir.
Ağır yaralıların səhhəti kritik vəziyyətdən stabilə gətirildikdən, müsbətə doğru irəliləyiş müşahidə edildiyindən və müalicənin Azərbaycanda davam etdirilməsinin mümkünlüyü təsdiqləndikdən sonra onların mərhələli şəkildə ölkəyə gətirilməsi həyata keçirilir. Hər bir yaralının müalicə müddətini və reabilitasiya prosesini mütəxəssislər təyin edirlər. Onların müalicəsi fərdi olaraq həyata keçirildiyindən qazilərin geri dönüş tarixləri də müalicə prosesinə uyğun reallaşdırılır. Qazilərin səhhətinin daha yaxşı vəziyyətə gətirilməsi üçün mümkün olan bütün tədbirlər görülür və həkimlərin də bildirdiyinə əsasən reallıq ondadır ki, ağır yaralanmış qazilərimizin bəzilərinin müharibədən əvvəlki vəziyyətlərinə qaytarılması mümkün deyil.
Sevinc